Bəhreyn-İsrail razılaşmasının səbəb və nəticələri - Analiz


BƏƏ-nin İsrail rejimi ilə münasibətlərini normallaşdırmasından 29 gün sonra Bəhreyn rejimi də Təl-Əvivlə münasibətlərini normallaşdırdı.


Bəhreyn rejimi BƏƏ-dən sonra İsrail ilə münasibətlərini normallaşdırdığını elan etsə də, Ali Xəlifə rejiminin bu prosesin lideri olduğu söylənilə bilər. Əslində, bir çox məlumatda deyildiyi kimi, Ali Xəlifə rejimi öz xalqının haqlı etirazlarını yatırmaq üçün 2011-ci ildən bəri İsraildən dəstək alır. Yenə də son bir ildə Bəhreyn rejimi digər ərəb rejimlərinə nisbətən İsrail ilə münasibətlərini daha açıq şəkildə ortaya qoymaq üçün hərəkət etdi.


Bəhreyn Xarici İşlər naziri Xalid ibn Əhməd Ali Xəlifə 2019-cu ilin mayında İsrailin Suriya ərazisinə hücumunu dəstəkləyərək, İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu açıqladı. İsrailin Rabitə naziri Eyyub Kara da Bəhreyn Xarici İşlər nazirinin sözlərini Manamanın Təl-Əvivə tarixi dəstəyi kimi izah etdi.


Bəhreyn 25 və 26 iyun 2019-cu il tarixlərində paytaxt Manamada ABŞ-ın patentləşdirdiyi "Əsrin müqaviləsi" adlı planın iqtisadi zirvəsinə ev sahibliyi etdi. Bəhreyn Xarici İşlər naziri o zaman verdiyi açıqlamada fələstinlilərin Manama sammitində iştirakdan imtina etməsini səhv olaraq qiymətləndirdi. Xalid ibn Əhməd 2019-cu ilin avqust ayında İsrailin Suriya, Livan və İraqa hücumlarını dəstəklədi və bu hücumları özünümüdafiə kimi xarakterizə etdi. Bu iddiada bəhreynli nazir BMT bəyannaməsinin özünümüdafiə hüququndan bəhs edən 51-ci maddəsinə istinad etdi. Bəhreynin Vaşinqtondakı səfiri 28 yanvarda "Əsrin müqaviləsi" adlı planın elan olunduğu mərasimə qatılan üç ərəb nazirdən biri idi.


Bəhreyn Xarici İşlər nazirinin bu cür açıqlamaları və mövqeyi Manama ilə Təl-Əviv arasında əlaqənin olduğunu göstərirdi, ancaq bu münasibət bir il gecikmə ilə ictimailəşdi.


Bəhreyn və İsrail rejimləri ilə əlaqəli əhəmiyyətli nöqtə hər iki rejimin legitimlik böhranından əziyyət çəkməsidir. Ali Xəlifə Bəhreyndə,İsrail isə Qərbi Asiya bölgəsində legitimlik problemi olan rejimlərdir. Dolayısıyla münasibətləri normallaşdırmaqda Ali Xəlifə rejimi və İsrail rejiminin əsas məqsədi həm daxili məkanda, həm də bölgədə legitimiliyi qazanmaqdır.


Bəhreynlə İsrail arasındakı normallaşma prosesinin əsas aktyoru Amerikadır. Əslində Amerika bu ssenarini İsrailin maraqlarına uyğun yazıb və Ali Xəlifə də bu ssenarini tətbiq etdi.


Qərbi Asiya məsələləri üzrə ekspert Məsud Əsədullahinin sözlərinə görə, Bəhreyn ilə İsrail arasındakı münasibətlərin normallaşması ABŞ Prezidenti Donald Trampın 28 yanvar 2020-ci ildə elan etdiyi "Əsrin müqaviləsi" planının bir hissəsidir. Bu razılaşmanın daxili ölçüsü İsrailə verilən coğrafi, təhlükəsizlik baxımından imtiyazlar, xarici ölçüsü də bəzi ərəb rejimləri ilə münasibətləri normallaşdıraraq, legitimlik qazanmaqdır.


Həqiqət budur ki, Bəhreyn siyasi, iqtisadi və təhlükəsizlik baxımından ərəb dünyasının zəif ölkələrindən biridir. Bəhreyn strateji Qərbi Asiya bölgəsində kiçik bir dövlət olaraq qəbul edilir. Ali Xəlifə sülaləsi Bəhreyn mənşəli deyil və kökləri Səudiyyə Ərəbistana gedib çıxır.


İqtisadi cəhətdən Bəhreyn 2011-ci ildən bəri davamlı olaraq geriləməyə başladı və Bəhreyn xalqının davam edən etirazları səbəbindən iqtisadi problemləri daha da artdı.


İqtisadi qurumlar Bəhreynin 2020-ci ildə büdcə kəsirinin 13,5 % səviyyəsinə çatacağını təxmin edirlər.


Digər tərəfdən, Bəhreynin bir çox ərəb ölkəsi kimi güclü ordusu yoxdur və buna görə təhdidlərə qarşı özünü müdafiə etmək gücünə sahib deyil. Ali Xəlifə rejimi Amerikanın beşinci donanmasına ev sahibliyi edir və beləliklə, Amerikanın hərbi dəstəyindən faydalanır.


Buna görə Amerika dövlətinin Bəhreyni öz hökmranlığıı altına aldığını və Ali Xəlifə rejiminin xarici siyasət sahəsində Amerikaya bağlı olduğunu söyləmək olar. Dolayısıyla Bəhreynin İsrail rejimi ilə münasibətlərini normallaşdırmasının vacib mesajı Amerikanın Bəhreyn üzərindəki hökmranlığı məsələsi ilə əlaqədardır.


Fələstin "İslami Cihad" hərəkatının informasiya bürosunun rəhbəri Davud Şahab ​​bu mövzuda belə deyir:


"Bu razılaşma Amerikanın Bəhreyn üzərindəki səlahiyyətinə və Bəhreyn kralının Amerikanın hökmranlığı altında olduğuna işarə edir".


Bəhreyn və İsrail arasında əldə edilən normallaşma razılaşmasında üç vacib məqam var. Birinci məqam budur ki, ABŞ Prezidenti Donald Tramp BƏƏ ilə İsrail arasında əldə edilmiş razılaşmada olduğu kimi seçki kampaniyası çərçivəsində bu razılaşmadan faydalanmaq istəyir. Digər tərəfdən, Tramp ölkəsindəki koronavirus pandemiyası səbəbiylə anti-irqçi etirazların və böyüyən iqtisadi problemlərin təzyiqi altındadır. Koronavirus xəstəliyinə yoluxan və dünyadan köçənlərin dörddə biri amerikalılardır.


ABŞ Prezidenti Trampın xarici siyasət sahəsində İrana qarşı maksimum təzyiq siyasəti də uğursuz oldu, Çinlə iqtisadi müharibə də uğurlu olmadı və üstəlik ticarət müharibəsi naminə bir çox ənənəvi müttəfiqləri ilə münasibətləri soyudu. Bu səbəbdən də Tramp ərəb rejimləri ilə İsrail arasında illərdir gizli aparılmış münasibətləri ortaya çıxararaq, seçki kampaniyasında bu vəziyyətdən istifadə etmək və bunu xarici siyasət zəfəri kimi təqdim etmək istəyir.


Bəhreynlə İsrail arasında əldə edilən normallaşma razılaşmasında diqqəti çəkən ikinci məqam Bəhreynin Qərbi Asiya bölgəsindəki kiçik dövlət olması və bölgə ilə bağlı qəbul edilən qərarlarda heç bir təsiri və çəkisi olmamasıdır. Bəhreyn ilə İsrail arasında əldə edilən normallaşma razılığına əhəmiyyət gətirən məsələ Ali Xəlifə rejiminin 100/100 Səud rejiminə bağlı olmasıdır.


Səud rejimi İslam dünyasındakı dini və siyasi mövqeyinə görə İsrail ilə münasibətlərini açıq elan etməkdən qorxur, eyni zamanda bunu etmək üçün Amerikanın ağır təzyiqi altındadır. Buna görə Bəhreyn ilə İsrail arasında əldə edilən normallaşma razılaşması, Səudiyyə ilə İsrail arasında əldə edilmiş bir razılaşma olaraq qəbul edilir.


İşğal altındakı Qüdsün ibrani universitetinin İslam və Qərbi Asiya təhsil mərkəzinin professoru İli Fode bu mövzuda belə deyir:


"Bəhreyn Qərbi Asiyada və hətta Fars Körfəzi Əməkdaşlıq Şurası daxilində təsirli bir qüvvə sayılmasa da, bu ölkə ilə normallaşma razılaşması Təl-Əviv üçün böyük önəm kəsb edir, çünki Bəhreynin Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələri var və bu razılaşma Riyad ilə Təl-Əviv arasında dolayı normallaşma hesab olunur".


Bəhreynlə İsrail arasında əldə edilən normallaşma razılaşmasında diqqəti çəkən üçüncü məqam isə Bəhreyndə Fars Körfəzi Əməkdaşlıq Şurasının digər üzvlərindən fərqli olaraq, sivil hərəkatın daha dərin və güclü bir keçmişə söykənməsidir. "Əl-Vifaq" İslam hərəkatı, İslam "Amel" cəmiyyəti, "14 Fevral" ittifaqı, "Haqq" hərəkatı Bəhreyndə insanlar arasında geniş bir bazaya sahib olan mühüm siyasi hərəkatlardır. Bundan əlavə, Bəhreyndə Şeyx İsa Qasim, Şeyx Əli Salman, Nəbil Rəcəb və Həsən Maşima kimi Ali Xəlifə rejiminə qarşı mübarizədən çəkinməyən və hətta həbs və ya sürgün təhlükəsini gözə alan liderlər var. Beləcə, İsrail rejimi ilə normallaşma müqaviləsinin Ali Xəlifə rejiminə təhlükəsizlik gətirməyəcəyi kimi daxili təhdidlərin artmasına da səbəb olduğu anlaşılır.


Bu arada ağla gələn başqa bir sual Bəhreyn ilə İsrail arasında əldə edilən normallaşma razılaşmasının Fələstin üçün təhlükəsizlik nəticələrinin olub-olmamasıdır.


Görünən odur ki, bu razılaşmanın Fələstin üçün heç bir yeni nəticəsi olmayacaq, çünki Bəhreyn və BƏƏ kimi rejimlər bundan əvvəl də İsrail rejimi ilə hər cür münasibətdə idilər və indi yalnız bu münasibətləri açıq elan etdilər. Əslində bu razılaşma Fələstin üçün bir növ qazanc olaraq qəbul edilir, çünki Livan "Hizbullah" hərəkatının lideri Seyid Həsən Nəsrullahın 2018-ci ilin noyabrında dediyi kimi, İsrail ilə münasibətləri normallaşdırmaq ərəb ixtilaflarına son qoyacaq, münafiqlər və saxtakarların iç üzünü açacaq.


Digər tərəfdən, Fələstin Muxtariyyətinin İsrail rejimi ilə normallaşma və danışıqların Fələstin üçün heç bir qazancı olmadığı, yalnız rejimin hücumu və işğalının artmasına səbəb olduğu qənaətinə gəldiyi müşahidə olunur.


Fələstinli qruplar rasional davranar və özlərini Fələstin milli kimliyi çərçivəsində müəyyənləşdirərlərsə, bu cür normallaşma razılaşmalarının BƏƏ, Bəhreyn və xüsusilə İsrail rejimi əleyhinə artan təhdidlərdən başqa bir nəticəsi olmayacaq.




Mənbə: Pars Today/Eastnews.org Oxunub: 340 dəfə; Tarix: 2020-09-16 14:54
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!