11 sentyabrdan sonra dünya nizamı - Təhlil


ABŞ tarixinin ən böyük terror aktı 11 sentyabr hadisəsinin 19-cu ilini bu hücumlardan daha dərin iz qoyan və iqtisadi tənəzzül yaradan yeni növ koronavirus (COVID-19) pandemiyasının kölgəsində anacaq.


Dünyanın axarını dəyişdirən, Əfqanıstan və İraqın işğalına zəmin hazırlayan, səyahətdən mədəniyyətə qədər həyat tərzlərinə təsir edən, irqçilik və islamofobiyanı artıran 11 sentyabr hücumlarının üzərindən 19 il keçir.


Keçən 19 ilə baxmayaraq, ABŞ-ın Əfqanıstan və Yaxın Şərqdə yüz minlərlə adamın ölümünə və trilyon dolarlara başa gələn "terrorla mübarizəsi" bitməyib.


ABŞ tarixinin ən böyük fəlakəti sayılan 11 sentyabrı bu il başda ABŞ Prezidenti Donald Tramp olmaqla bir çox adam tərəfindən 11 sentyabrdan daha pis olduğu söylənilən COVID-19 pandemiyanın kölgəsində anacaq.


COVID-19 pandemiyası ABŞ-da təxminən 3 min insanın həyatını itirdiyi 11 sentyabrdakı terror aktlarını geridə buraxaraq, ölkədə 190 mindən çox insanın ölümünə səbəb olub.


Pandemiya Tramp tərəfindən "Pearl Harbour" və 11 sentyabrdakından daha pis hücum adlandırılıb.


11 sentyabrı yaşayan bir çox adam da koronavirusun terror hücumlarından daha pis bir iz buraxdığı və daha böyük iqtisadi tənəzzül yaratdığını deyir.


Gözlər Trampın pandemiyadan məsul saydığı "yeni düşmən" Çinə yönələrkən ABŞ-ın terrorla mübarizə, demokratiya və azadlıq gətirmək adı altında işğal etdiyi Əfqanıstan və İraqda 19 ildə arxasında buraxdığı dağıntı günü-gündən böyüdü və böyüməyə davam edir.


Yaxın Şərq daha çox qeyri-sabitlik, qarışıqlıq və məzhəb döyüşlərinə sürüklənərkən yüz minlərlə mülki şəxs də həyatını itirdi və İŞİD kimi yeni terror təşkilatları ortaya çıxdı.


ABŞ-da dərc olunan "Döyüşün Xərci" hesabatına görə isə 11 sentyabr hücumlarından sonra ABŞ-ın terrorla mübarizə müharibələrində indiyə qədər 37 milyondan artıq insan didərgin düşüb.


Əfqanıstanda 19 ildə "Taliban" daha çox güc qazanarkən ABŞ tərəfində işğalın böyük bir xəta olduğunu tez-tez dilə gətirən və Əfqanıstandakı amerikan əsgərlərini evlərinə geri gətirmə sözü verən Tramp rəhbərliyinin iki ilə yaxın danışıqlarının sonra “Taliban” ilə sülh prosesini başladı.


Suriya və İraqdakı amerikan əsgərlərini də geri çəkmək istəyən Tramp rəhbərliyi son olaraq bu ay İraqdakı əsgər sayını 5 min 200-dən 3 minə endirəcəyini bildirib.


11 sentyabr 2001-ci ildə nə oldu?


Amerika maliyyə sisteminin qəlbi Nyu-York 11 sentyabr səhəri Əkiz Qüllələrə qarşı terror hücumlarıyla açdı.


Nyuark, Boston və Vaşinqtondan havaya qalxıb San-Fransisko və Los-Ancelesə gedən 4 sərnişin təyyarəsinin qaçırılmasından sonra Los-Ancelesə gedən “American Airlines”a məxsus qaçırılan sərnişin təyyarəsi yerli vaxtla saat 08:46-da Əkiz Qüllələrin şimal istiqamətindəki binasına çırpıldı.


Şimal qülləsi alovlar içində yanarkən “United Airlines”a məxsus qaçırılan digər bir təyyarə də ilk hücumdan düz 17 dəqiqə sonra canlı yayımda cənub qülləsinə çırpıldı.


Əkiz Qüllələr həm ABŞ, həm də bütün dünyanın canlı yayımda izlədiyi hücumla milyonların gözü qarşısında dəqiqələr içində yerlə-yeksan oldu və Manhetten adası toz buludlarına büründü.


Əkiz Qüllələrə hücumlardan sonra qaçırılan digər bir təyyarə isə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına dəydi.


Qaçırılan son təyyarə isə Pensilvaniya ştatında F-16-lar tərəfindən vuruldu.


11 sentyabr hücumları nəticəsində təyyarələri qaçıran 19 nəfər istisna olmaqla Nyu-York, Vaşinqton və Pensilvaniyada ümumilikdə 2 min 977 nəfər həyatını itirdi.


Hücumların məsuliyyətini "Əl-Qaidə" terror təşkilatının lideri Usamə bin Laden üzərinə götürdü.


11 sentyabr hücumları dünyanın nizamını dəyişdirdi


ABŞ-ın 11 sentyabr hücumlarına ilk cavabı Əfqanıstana girmək oldu.


Dövrün ABŞ Prezidenti Corc Buş "Taliban"ın ABŞ-ın "Əl-Qaidə" lideri Usamə bin Ladenin ekstradisiyasını rədd etməsindən sonra 7 oktyabr 2001-ci ildə Əfqanıstanı işğal edərək, "Taliban" rejimini devirdi və ölkədə hakimiyyətə Qərbə daha yaxın olan Həmid Kərzai keçdi.


ABŞ-ın Əfqanıstanın terrorçuların "bazası" olmasını əngəlləmək iddiası ilə başlatdığı əməliyyatlardan sonra ölkənin son dövrdə İŞİD üzvləri üçün də təhlükəsiz yer halına gəldiyi bildirilir.


İşğalın əvvəlindən bu yana Əfqanıstanda 50 mindən çox mülki vətəndaş və 2 min 400-ə yaxın ABŞ əsgəri ölüb.


ABŞ rəhbərliyindəki NATO qüvvələrinin Əfqanıstandakı döyüş missiyası 28 dekabr 2014-cü ildə Kabildə keçirilən mərasimlə rəsmən başa çatmasına baxmayaraq, ABŞ hələ də "terrorla mübarizə" və "ölkə yenidən inşa etmə" bəhanəsilə ölkədəki hərbi mövcudluğunu davam etdirir.


Digər tərəfdən Əfqanıstandakı Amerika əsgərlərini geri çəkmək istəyən Tramp hazırda 8 min 600 civarındakı əsgər sayını prezident seçkilərindən əvvəl 4 min 500-ə endirmək istəyir.


"Taliban" ilə aparılan sülh danışıqları çərçivəsində isə ABŞ və müttəfiqlərinin "Taliban"ın razılaşmaya əməl edəcəyi halda 14 ay ərzində ölkədəki hərbçilərini tamamilə çəkməsi gözlənilir.


İraqın işğalı


Əfqanıstanın işğalının ardından Buş rəhbərliyi 20 mart 2003-cü ildə İraqda kimyəvi silah olduğunu əsas göstərərək, preventiv müharibə adı altında Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarı olmadan İraqı işğal etdi və Səddam Hüseyni devirərək, edam etdi.


ABŞ-ın İraqı işğalından sonra məzhəb savaşları ölkədə yüz minlərlə insanın həyatını itirməsinə səbəb oldu.


İşğalçı rejim ölkəni yenidən qurarkən şimaldakı kürd qruplar ilə mərkəzi hakimiyyət arasında dərin fikir ayrılıqları etnik gərginliyi artırdı.


Ölkədə 2005-ci ildə kürdlərə "İraq Kürdüstan Regional Rəhbərliyi" adı altında idarəetmə forması tanındı.


İraq Amerika işğalının ardından Yaxın Şərqdə ən mürəkkəb problemlərə malik ölkələrdən biri halına gəldi.


İraqa "sabitlik və demokratiya" gətirəcəyi vəd edilən əməliyyata "İraqı Azad Etmə Əməliyyatı" adı verildi, ancaq hərbi müdaxilələr nəticəsində yüz minlərlə vətəndaş həyatını itirdi.


Milyardlarla dollara başa gələn İraqın işğalı eyni zamanda terror təşkilatı İŞİD-in ortaya çıxmasına zəmin hazırladı.


İŞİD-in meydana gəlməsi nəticəsində İraq xalqı soyqırım kimi müharibə cinayətlərinə da məruz qaldı.


Yeni dünya nizamı


11 sentyabr terror hücumlarından sonra başlayan yeni dünya nizamı terrorla mübarizədə yeni təhlükəsizlik strategiyalarını də özü ilə gətirdi.


Hücumlarla birlikdə təkcə ABŞ-da deyil, bütün ölkələrdə milli təhlükəsizlik konsepsiyası dəyişdi. Dövlətlər milli təhlükəsizliyə daha çox vəsait ayırmağa başladı.


Artıq təkcə adi və ya kimyəvi silahlar deyil, hər hansı bir şübhəli maşın, insan və ya paket terror təhdidi kimi qəbul edilməyə başlanıldı.


Hava limanları başda olmaq üzrə ictimai yerlərdə daha çox təhlükəsizlik tədbirləri görüldü, beləliklə, yeni bir təhlükəsizlik anlayışı və sektoru ortaya çıxdı.


İslamofobiya və 11 sentyabr


11 sentyabr hücumları başda ABŞ olmaqla Qərbdə müsəlmanlara qarşı törədilən nifrət cinayətlərində böyük artım və islamofobiyanın getdikcə dərinləşməsinə səbəb oldu, mediada "İslamçı terror" və "radikal İslam" anlayışları tez-tez istifadə edilməyə başlandı.


Araşdırmalar medianın müsəlmanların adının çəkildiyi terror hücumlarına digər din və ya qruplara mənsub olan şəxslərin törətdiyi hücumlardan daha çox yer verdiyini ortaya qoydu.


Buş rəhbərliyi ümumiyyətlə Yaxın Şərqdə müharibə tərəfdarı siyasət apardığı üçün həm ABŞ-da, həm də digər ölkələrdə tez-tez tənqidlərin hədəfi oldu. Əfqanıstanı işğal edərkən bir çox ölkənin dəstəyini alan Buş rəhbərliyi eyni dəstəyi İraqa girərkən tapmadı.


Buşdan sonra ABŞ rəhbərliyinə gələn Barak Obama müharibə əleyhdarı mövqe nümayiş etdirdi və prezidentliyi dövründə Amerika əsgərlərinin bir qismini Əfqanıstan və İraqdan çəkdi.


"Əl-qaidə" lideri Usamə bin Laden Obamanın prezidentliyinin birinci dövründə ələ keçirildi və öldürüldü.


Tramp isə ABŞ-ın Əfqanıstan və İraqı işğalının səhv olduğu, Yaxın Şərqdəki müharibələrə milyardlarla dollar vəsait xərcləndiyini tənqidləri və Əfqanıstan, İraq, Suriyadakı Amerika əsgərini geri çəkmək istədiyi ritorikalarıyla önə çıxdı.


Tramp irqçi və anti-müsəlman mövqeyi ilə də prezidentliyinin ilk günlərində müsəlman ölkələrin vətəndaşlarına ABŞ-a səyahət qadağası tətbiq etdi.




Mənbə: AA/Eastnews.org Oxunub: 251 dəfə; Tarix: 2020-09-11 12:30
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!