"Hizbullah" lideri Beyrut hadisəsini dəyərləndirdi


Eastnews.org-un verdiyi xəbərə görə, Livan "Hizbullah" hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah dünən axşam etdiyi çıxışında gündəmdəki son hadisələri dəyərləndirib.

 

"Mən əslində Beyrutdakı hadisədən bir neçə gün əvvəl sərhəd ziddiyyətləri və Rafiq Həriri məhkəməsilə bağlı məsələlər haqqında danışmaq istəyirdim", - deyə Seyyid Nəsrullah söyləyib.

 

Partlayışda həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralılara Allahdan təcili şəfa diləyən Seyyid Nəsrullah "Həqiqət budur ki, bu hadisə Livanın müasir tarixində misli görünməmiş bir hadisədir və ümid edirəm ki, onun təhlükəli nəticələrinin tezliklə öhdəsindən gələcəyik", - deyib.

 

"Hizbullah" lideri partiyasının bu böhranı aradan qaldırmaq üçün hökumətə hərtərəfli dəstək verməyə və partlayış nəticəsində evsiz qalan ailələrə kömək etməyə hazır olduğunu söyləyib.

 

Hadisə ilə əlaqədar bəzi ərəb mediasının "Hizbullah" əleyhinə böhtan və ittiham kampaniyasına başladığını deyən Həsən Nəsrullah bəzi media qurumları və siyasətçilərin bu fəlakətin "Hizbullah"ın silah anbarında partlayış nəticəsində baş verdiyini iddia etdiklərini söyləyib.

 

Seyyid Həsən Nəsrullah sözlərini belə davam edib:

 

"Məqsəd Livan xalqını "Hizbullah"a qarşı təhrik etmək idi. Məqsəd "Hizbullah"ı ləkələmək idi. Bu iddialar "Hizbullah"a qarşı edilən ən böyük zülm idi. Beyrut limanında hər hansı bir "Hizbullah"a aid hər cür silah və partlayıcı maddə anbarının mövcudluğunu açıq şəkildə burada rədd edirəm. "Hizbullah" heç vaxt Beyrut limanında belə bir anbara sahib olmayıb. Qeyd edim ki, Beyrut hadisəsindən sonra "Hizbullah" da bu əzab çəkən xalqın bir hissəsidir. Əvvəllər də belə kin-küdurət dolu sözlərin şahidi olmuşuq."

 

"Hizbullah"ın Beyrut limanına görə məsuliyyət daşıdığı iddialarını rədd edən Nəsrullah "Bunun həqiqəti əks etdirmədiyini söyləməliyəm. Beyrut limanında səlahiyyət sahibi deyilik və bu limanda nələr saxlandığını da bilmirik. "Hizbullah" Beyrut limanından daha çox Hayfa limanı haqqında çox şey bilə bilər, çünki bu, müdafiə tənliyimizin bir hissəsidir", - dəyərləndirməsini edib.

 

Bu hadisənin siyasi məqsədlər üçün istifadə edildiyini söyləyən Seyyid Nəsrullah "İnanırıq ki, hazırda siyasi və məzhəb haqq-hesabı zamanı deyil. Bu böyük hadisənin araşdırma və istintaqı zamanı hər hansısa bir şeyin ört-basdır edilməsinə və ya kimlərinsə cinayətkarlara dəstək olmasına imkan verməməliyik", - deyib.

 

Hökumətə müraciət edən Həsən Nəsrullah "Hadisənin səbəbi müəyyən edilməli və günahkarlar məsuliyyətə cəlb edilməlidir. Livan hökumətindən bu məsələni qətiyyətlə ələ almasını tələb edirəm", - söyləyib.

 

"Bu günə qədər bir çoxu Livanda vətəndaş müharibəsi başlatmağa çalışdı, amma həmişə uğursuz oldu", - deyə Livan "Hizbullah" hərəkatı lideri müharibə sevənlərinin bundan sonra da hədəflərinə çatmayacaqlarını ifadə edib.




Mənbə: Mehr News Oxunub: 908 dəfə; Tarix: 2020-08-08 10:16
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!