Ayətullah Xamenei ABŞ-ın sanksiya siyasətindən danışdı


Eastnews.org-un verdiyi xəbərə görə, İranın Ali lideri Ayətullah Əli Xamenei Qurban bayramı münasibətilə dövlət televiziyasında canlı yayımla çıxış edib.

 

Çıxışında Ayətullah Xamenei ABŞ-ın "maksimum təzyiq" adlandıraraq, İrana qarşı tətbiq etdiyi sanksiyalara toxunub.

 

"Amerikalıların İran xalqına qarşı tətbiq etdiyi sanksiyalar şübhəsiz böyük bir cinayətdir. Zahirən sanksiyalar İslam Respublikasına yönəlmiş ola bilər, lakin həqiqətdə bu sanksiyalar bütün İran xalqına qarşı tətbiq olunur", - deyə Ayətullah Xamenei bildirib.

 

ABŞ-ın sanksiyalarla qısa, orta və uzun müddətli hədəflərinin olduğuna diqqət çəkən İranın Ali lideri Vaşinqtonun qısa müddətdə xalqı rejimlə qarşı-qarşıya qoymağı, orta müddətdə İranın inkişafının qarşısını almağı və uzun müddətdə isə ölkə iqtisadiyyatını çökdürməyi hədəflədiyini bildirib.

 

ABŞ-ın bununla İranın bölgədəki əməkdaşları ilə əlaqələrini kəsməyi planlaşdırdığını ifadə edən Ayətullah Xamenei "Onların istədiyi olmadı və olmayacaq da. Hədəflərinə çata bilmədiklərini və ağır təzyiqlə hədəflərinə nail ola bilmədiklərini etiraf ediblər", - deyib.

 

Sanksiyaların ölkəyə təsirini dəyərləndirən Ayətullah Xamenei sözlərinə belə davam edib:

“Şübhəsiz ki, sanksiyalar bizim üçün problemlər yaratdı, amma bütün problemlər sanksiyalardan qaynaqlanmadı. Problemlər bəzən idarəetmə problemlərindən qaynaqlanır və bu yaxınlarda koronavirusla əlaqəli problemlər ortaya çıxıb".

 

Çıxışında ABŞ ilə danışıqlar aparmaq ehtimalından da imtina edən Ayətullah Xamenei ABŞ ilə danışıqların İranın regional güc, nüvə texnologiyası və dayanıqlı hərbi gücündən imtina edərək, müdafiəsiz hala düşməsi mənasına gəldiyini ifadə edərək, "Buna görə ABŞ ilə danışıqlar aparmayacağımızı söyləyirəm", - deyib.

 

O, ABŞ prezidenti Donald Trampa işarə edərək, "Əlbəttə ki, ABŞ-dakı bu yaşlı adam danışıqlardan faydalanacaq. O, danışıqlardan özü üçün və ya seçkilərdə bundan istifadə edəcək", - söyləyib.

 

ABŞ-ın 2018-ci ilin mayında nüvə sazişindən çıxmasından sonra Avropa ölkələrinin İranın razılaşmadakı maraqlarının qorunacağı barədə verdiyi vədlərə əməl etmədiyini söyləyən Ayətullah Xamenei "Bizi içi boş sözlərlə geriyə atdılar və iqtisadiyyatımıza zərər vurdular", - deyə münasibətini bildirib.

 

ABŞ-dakı irqçi etirazlara toxunan Ayətullah Xamenei etirazların ABŞ-dakı siyasi sistemin çökməsinə səbəb olacağını qeyd edib.

 

"ABŞ müxtəlif ştatlardakı mövcud etirazları yatıra bilər, lakin onlar kül altında bir atəş kimi qalacaqlar - yox olmayacaq və yenidən alovlanacaqlar. ABŞ siyasi sistemini çökdürəcəklər. ABŞ özünə düşmən qazanmağa çalışır, amma indi ən böyük düşməni xalqıdır", - deyə Ayətullah Xamenei dəyərləndirmə edib.

 

Son məzənnə artımını və hökumətin ölkədəki problemlərə yanaşmasını da dəyərləndirən İranın Ali lideri belə deyib:

 

"Valyutanın sıradan çıxması və gündən-günə artması yolverilməzdir. Aldığım hesabatlarda bunun iqtisadi səbəblərdən daha çox təhlükəsizlik və siyasi səbəbləri olduğu görünür. Hökumət bəzi sahələrdə yaxşı işlər görüb, lakin bu bütün sahələrdə belə deyil. İnşallah (növbəti il baş tutacaq seçkilərdən sonra) gələcək yeni hökumət işlərə daha ciddi yanaşacaq".

 

İran prezidenti Həsən Ruhaninin hakimiyyətinin sona yaxınlaşdığını xatırladan Ayətullah Xamenei "Hökumət bu yeddi il ərzində əlindən gələni etdi", - deyib.




Mənbə: AA Oxunub: 461 dəfə; Tarix: 2020-08-01 14:25
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!