Beynəlxalq siyasi sistemdə yeni nizam müzakirələri - Təhlil


Məlum olduğu kimi, beynəlxalq siyasi sistemdə daimi vahid hegomon dövlət anlayışı mövcud deyil. Tarixin müxtəlif dövrlərində, müxtəlif qüvvələrin böyük güc statusuna sahib olduğunu görürük. 16-cı əsrdən Birinci Dünya Müharibəsinə qədərki dövr ərzində sırası ilə Osmanlı imperiyası, Habsburq imperiyası, Fransa, Prussiya Alman Krallığı, Birləşmiş Krallığın öz rəqiblərindən daha çox ön plana çıxdığı və əsas böyük güc statusunu daşıdığını görürük. Lakin tarixin bu dövrünün əsas səciyyəvi xüsusiyyəti bu dövlətlərdən heç birinin öz güclərinin zirvəsinə çatdığı bir vaxtda vahid hegomon dövlət ola bilməməsidir. Əsas böyük güc statusu daşıyan dövlətin vahid hegomon dövlətə çevrilməməsi üçün müxtəlif hərbi-siyasi ittifaqlar yaradılmış və bunun nəticəsində güclər balansı qorunmuşdur. Avropada vahid hegomon dövlətin ortaya çıxmamasında və güc balansının qorunmasında isə Birləşmiş Krallığın böyük rolu olmuşdur. Məhz  bu səbəbdən Birləşmiş Krallıq uzun müddət Avropada güclər balansını qoruyan ölkə kimi tanınmışdır. Avropanı öz nəzarəti altına almağa çalışan Habsburqlara qarşı hərəkətə keçən ingilislər, Napaleon dövründə eyni hədəfə yönələn Fransaya qarşı almanlarla ittifaq yaratmış və 1815-ci ildə Voterlo (Waterloo) müharibəsindən qalib çıxaraq, Avropada güclər balansının kəskin şəkildə pozulmasını əngəlləmişdi. Birinci və İkinci Dünya Müharibələrində isə Avropada yeganə hegomon dövlət olmaq istəyən almanlara qarşı müxtəlif ittifaqlar yaratmışdı.


İkinci Dünya Müharibəsindən sonra isə güclər balansı anlayışı pozulmuş, iki qütblü dünya ortaya çıxmış və Avropa dövlətləri böyük güc statusundan  məhrum olmuşdu. Bu dövrün əsas xüsusiyyəti, müxtəlif güclərin deyil, sadəcə iki hegomon gücün mövcud olmasıdır. Sovet İttfaqının çökməsindən sonra  ABŞ super güc olaraq xarakterizə edilməyə başlandı ki, bu da beynəlxalq münasibətlərdə daha əvvəl heç bir dövlət üçün istifadə edilməyən bir qavram idi.


Mövcüd siyasi nizam və sonrası


1990-cı illərdə əsas böyük güc statusuna sahib bir dövlət olaraq siyasi sistemdə öz yerini möhkəmlədən ABŞ 2000-ci illərdən etibarən müxtəlif çağrışlarla üzləşdi. Rusiyanın hərbi baxımdan yenidən söz sahibi olması, Çinin həm iqtisadi, həm də hərbi yüksəlişi, Amerikan hegomoniyasını sarsıdan əsas amillərdir. Sosialist bir sistemə malik, lakin sosializmin bir çox prinsiplərini rədd edərək, kapitalizmdən tam şəkildə yararlanan Çin, xüsusilə ABŞ üçün ciddi bir rəqibə çevrildi. ABŞ ilə Çin arasındakı iqtisadi fərqin hər il daha da azalması bir çox iqtisadi hesablamalara görə, Çinin qısa müddətə ABŞ-ı üstələyəcəyindən xəbər verirdi. Lakin Donald Trampın sələflərindən fərqli bir strategiya izləməsi iqtisadi proqnozların yanılmasına  səbəb oldu. Ağ Ev rəhbərliyi Çin ilə olan ticarətdə kəsirin aradan qaldırılması üçün Pekin rəhbərliyini yeni müqavilələrə sövq etdi. Belə ki, Çin məhsullarının Amerikan bazarına girə bilməsi üçün Pekin rəhbərliyinə dəyəri milyardlarla dollar olan Amerikan kənd təsərrüfatı məhsullarını satın alma şərti irəli sürüldü. Eyni zamanda, Tramp administrasiyası daxili bazarın qorunması üçün də Çin məhsullarına əlavə vergilər tətbiq etdi. Son həmlə isə Amerikan şirkətlərinin Çindən çıxarılaraq, Hindistana köçürülmə prossesinə başlamaq oldu. COVID-19 pandemiyası dövründə 1000-dən artıq Qərb şirkəti öz fəaliyyətlərini Çindən Hindistana köçürüb və bu proses hazırda da davam edir.


Tramp dövründə Çinin yüksəlişinin zəiflədilməsi qismən uğurlu oldu. İki ay əvvəl etdiyi çıxışında Amerikan prezidenti "Bəziləri 2019-cu ildə Çinin Amerikan iqtisadiyyatını geridə qoyacağını ehtimal edirdi, lakin biz buna imkan vermədik. Çin hələ uzun müddət bizim gerimizdə olacaq", - sözlərinə yer verdi. Növbəti prezident seçkilərində Tramp qalib gələcəyi halda, bu siyasətin güclü bir şəkildə davam edəcəyini güman etmək olar.


Amerikan prezidentinin mühafizəkar siyasəti ölkə daxilində də rəqibləri tərəfindən tənqid olunur. Amerikan daxilində qlobalist dairələr Trampın mühafizəkar qərarlarını qətiyyətlə rədd edirlər. Bu dairələrə görə, ABŞ öz sərhədləri çərçivəsinə çəkilməməli, müdaxiləçi siyasəti kənara atmamalı, NATO-nun digər üzvləri ilə birgə yenidən aktiv hərəkətə keçməlidir. Heç şübhə yoxdur ki, prezident seçkilərində Demokratlar qalib çıxarsa, Trampın xarici siyasət strategiyasının üzərindən xətt çəkəcəklər. Trampın NATO daxilindəki dövlətlərdən daha çox maliyyə tələb etməsi, xüsusilə Almaniyanı sıxışdırması və Amerikan ordusunun qısa müddətdə Almaniyanı tərk edəcəyi ilə bağlı təhdidləri NATO daxilində də şübhələrin yaranmasına səbəb olur. Hazırda öz təsir qabiliyyətini hər il bir az daha itirən Qərbi Avropa ölkələrinin növbəti on illiklərdə də əsas güc olma ehtimalı olduqca azdır. Belə olduğu halda, son dövrlərdə də müzakirə predmentinə çevrilən əsas mövzulardan biri beynəlxalq siyasi sistemi gələcəkdə hansı nizamın gözlədiyidir.  Bu barədə hazırda iki əsas fikir mövcuddur. Birinci qrup mütəxəssislər Çinin ABŞ-ı geridə qoyaraq, əsas güc statusuna sahib olacağını iddia edirlər. Bir qrup tədqiqatçılar isə Çindəki Qərb sərmayəsini əsas gətirərək, rəsmi Pekinin yaxın müddət ərzində əsas gücə çevrilmə ehtimalının az olduğunu qeyd edirlər. Bu qrup tədqiqatçılara görə, növbəti siyasi nizam Birinci Dünya Müharibəsindən öncəki siyasi nizama bənzər güclər balansı fromasında ortaya çıxacaq. Lakin bu dəfə böyük güc statusunda Britaniya, Almaniya,Avstriya-Macarıstan, Fransa deyil, ABŞ, Çin, Hindistan və qismən də Rusiya olacaq. Burada Rusiya iqtisadi baxımdan deyil, hərbi baxımdan böyük güc olaraq qəbul edilir.


Əslində, ikinci qrup tədqiqatçıların fikrini daha əsaslı hesab etmək mümkündür. Çinin inkişafında Qərb sərmayəsinin və şirkətlərinin oynadığı böyük rol, eləcə də Hindistanın Çinə qarşı potensial bir rəqib olaraq ortaya çıxması rəsmi Pekinin vahid super güc olma ehtimalını azaldır. Yeni siyasi nizamda Amerikan dollarının təsirinin azalacağı da güman edilir. Dövlətlərarası ticarətdə milli valyutaların istifadəsi və ya kriptovalyuta kimi yeni ödəmə metodlarının gündəmə gəlmə ehtimalı da yüksəkdir.


Son olaraqsa yeni siyasi nizamda orta səviyyəli güclərin əhəmiyyətinin artacağı istisna edilmir. Beynəlxalq siyasətdə güclər balansının olması Yaxın Şərqdə Türkiyə, İran və Misir kimi orta səviyyəli dövlətlərin manevr qabiliyyətini artıracaq, bu dövlətlərin daha sərbəst hərəkət etmələrinə şərait yaradacaq. Güclər balansının mövcudluğu Amerikan mərkəzli Qərb dövlətləri tərəfindən sanksiya təhdidlərinin də əhəmiyyətinin və gücünün azalmasına səbəb olacaq.


Nəticə etibarilə, hazırda beynəlxalq siyasi sistemdə yeni böyük güclərin meydana çıxma prosesi sürətlə davam edir. Əsas böyük güc statusunu itirməmək üçün Amerikan administrasiyası Çinə qarşı Hindistan kartından istifadə edir. Eyni zamanda, Hindistan-Yaponiya-Avstraliya ittifaqı ilə Çinin regiondakı təsir qabiliyyətini də azaltmağı hədəfləyir. Çin isə Pakistan və Butan ilə əlaqələrini sıxlaşdıraraq, Hindistana qarşı regional bir ittifaq yaradır. Bundan əlavə, Rusiya ilə də münasibətini inkişaf etdirərək, ABŞ-a qarşı güclü bir ittifaq qurmağı hədəfləyir. Lakin Rusiyanın Çindən iqtisadi asılılığının hər il daha da artması Rusiyanın ənənəvi təsir dairəsi olan Mərkəzi Asiyada  Çin təsirin güclənməsi, Çin iqtisadiyyatının Rusiya iqtisadiyyatından dəfələrlə güclü olması və aradakı fərqin hər il daha da artması Rus-Çin müttəfiqliyinin uzun müddətli olmasına şübhə yaradır.

 

Hafiz Məmmədov




Mənbə: Eastnews.org Oxunub: 1225 dəfə; Tarix: 2020-06-19 12:52
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!