"COVID-19" pandemiyasının Yaxın Şərq regionuna təsiri və mümkün nəticələri - Təhlil


İlk dəfə olaraq Çində 2019-cu ilin dekabr ayında  ortaya çıxdığı güman edilən "COVID-19"un sürətlə bütün dünyaya yayılması, dünya iqtisadiyyatında ciddi zərərə səbəb oldu. Adıçəkilən infeksiyanın təsiri artıq 2008-ci ildə baş verən dünya iqtisadi böhranından daha sarsıdıcıdır. Amerikalı təhlilçilər "COVID-19"u İkinci Dünya Müharibəsindən bəri dünyanın şahidi olduğu ən təhlükəli və zərərli mərhələ olaraq xarakterizə edirlər. İnfeksiya nəticəsində İtaliyanın Lombardiya əyalətinin İkinci Dünya Müharibəsində verdiyi itkilərdən daha çox qurban verməsi, ABŞ-ın qısa müddətdə verdiyi itkilərin sayının Vyetnam müharibəsində qətlə yetrilən amerikalılardan daha çox olması infeksiyanın miqyasının böyüklüyü haqqında təsəvvür verir. Avropa və ABŞ-dan fərqli olaraq dövlət büdcələrinin formalaşmasında neft ixracının böyük əhəmiyyətə malik olduğu Yaxın Şərqdəki bir çox ölkələr üçün infeksiya mərhələsi daha sarsıdıcı və dünya bazarında enerji satış paylarının qorunması uğrunda daha rəqabətcil bir formada müşahidə olunur.


Yaxın Şərq regionuna təsirləri
 

İnfeksiya nəticəsində neftin qiymətinin kəskin ucuzlaşması Yaxın Şərqin neft ixrac edən ölkələrinin gəlirlərinin azalmasına, bu ölkələrin 2020-ci il iqtisadi inkişaf gözləntilərinin geriləməsinə səbəb oldu. Hazırkı vəziyyətin uzun müddətli olması isə region ölkələrinin çoxunda ehtiyat maliyyə resurslarının da sürətlə tükənməsinə və iri həcmli borclanmaya yol aça bilər. Qeyd edək ki, enerji qiymətlərində geriləməsində əsas 2 faktor mövcuddur. Bunlardan birincisi enerjiyə olan tələbatın azalması, digəri isə enerji bazarında ABŞ-ın sürətlə yüksəlişi idi. Enerji qiymətlərinin düşməsi Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt, Qətər, Bəhreyn, Oman və Birləşmiş Ərəb Əmirliyinin  dövlət gəlirlərinin azalmasına birbaşa təsir göstərir. Bu ölkələrin ixrac məhsullarının çoxşaxəli olmaması və ixracda enerjidən asılılıq, iqtisadi yükün daha ağır olması ilə nəticələnir. Eyni zamanda, Səudiyyə Ərəbistanı və Əmirliklərdən müxtəlif maliyyə dəstəkləri alan və bu iki ölkədə çoxsaylı vətəndaşları çalışan Misir, Sudan, Livan və İordaniyanın da bu mərhələdən zərərli çıxdıqları müşahidə olunur. Artıq Səudiyyə Ərəbistanında, xüsusilə tibb sahəsində çalışan adıçəkilən ölkə vətəndaşlarının maaşlarının yarısının ödəndiyi barədə məlumatlar yayılır. Krallıq rəhbərliyi vacib olmayan layihələrin dayandırılıcağını və bir çox istiqamətdə maliyyə kəsintilərinin olacağı barəsində açıqlama vermişdi. Körfəzin ərəb ölkələrində maliyyə probleminin yaranması digər ərəb ölkələrindən gələn on minlərlə işçinin geri göndəriləcəyinə və bəzi sahələrdə fəaliyyət göstərən mütəxəssislərin isə qismən maaşlarının ödənəcəyinə də işarə edir. Körfəzdə çalışan misirli işçilərin 2019-cu ildə Misirə 25 milyard dollardan çox pul göndərdiyi məlumdur ki, bu da Misir iqtisadiyyatı üçün böyük məbləğdir. Eyni zamanda, Körfəzdən Livana göndərilən pulun məbləği Livanın ümumi daxili məhsulunun 12,7%-nə bərabərdir. Digər tərəfdən, İordaniya krallığı 2020-ci ildə ödəməli olduğu 1 milyard 760 milyon dollar borc üçün Səudiyyə Ərəbistanının dəstəyinə bel bağlayır. Beləliklə, böhran sadəcə Körfəzin zəngin ərəb ölkələri üçün deyil, Misir, İordaniya və Livan kimi kövrək iqtisadiyyata sahib ölkələrə də böyük zərər vurur.
 

Beynəlxalq Maliyyə Fondu tərəfindən açıqlanan rəqəmlərə əsasən, 2020-ci ildə Qətər üçün neftin 1 barel məqbul qiyməti 55$ (dollar), Küveyt üçün 54$, Oman üçün 80$, Bəhreyn üçün 91$, Səudiyyə Ərəbistanı üçün 83-90$, Əmirliklər üçün isə 65-70$ məbləğindədir. Lakin, neft qiymətlərinin bu rəqəmlərdən uzaq olması, bu ölkələrdən böyük həcmdə neft idxal edən Çinin cari ilin ikinci və üçüncü rüblərində iqtisadi artım ehtimalının aşağı olması adıçəkilən ölkələr üçün iqtisadi gərginliyin davam edəcəyini göstərir. Qeyd edək ki, Çin iqtisadiyyatının cari ilin birinci rübündə (yanvar, fevral və mart ayları) 6% gerilədiyi ehtimal olunur.
 

Enerji qiymətlərinin kəskin azalması böyük miqdarda neft və qaz idxal edən Türkiyənin xeyrinə olsa da, turizm gəlirlərinin bu il ən azı 45% azalacağının proqnozlaşdırılması ölkənin ciddi maliyyə itkisinə məruz qalacağından xəbər verir. Tələb olunan illik neftin 93%-ni, təbii qazın isə 99%-ni idxal edən Türkiyə, enerji qiymətlərinin yüksək olduğu vaxtlarda 60 milyard dollar məbləğində pul xərcləməli olurdu. 2019-cu ildə isə bu məbləğ 41 milyard dollara gerilədi. 2020-ci ildə ölkənin enerji xərcləri 30 milyard dollardan da az ola bilər. Lakin infeksiya mərhələsi Türkiyənin xidmət və turizm sahələrində ağır itkilərə səbəb olacaq. Ölkənin 2019-cu il turizm gəliri 34 milyard 520 milyon dollar olduğu halda, 2020-ci ildə bu rəqəmin xeyli azalacağı ehtimal olunur.
 

İnfeksiya mərhələsi Yaxın Şərq ölkələrinin 2020-ci il iqtisadi inkişafının böyük ölçüdə ləngiməsinə səbəb olacaq. Beynəlxalq Maliyyə İnstitutu Səudiyyə Ərəbistanının 2020-ci il iqtisadi inkişaf ehtimalını 0,7 %, Küveyt üçün 0,8%, Əmirliklər üçün 0,6 %, İraq üçün 0,3 % olaraq yeniləyib. Adıçəkilən institut, 2020-ci il İran iqtisadiyyatının infeksiyadan öncə 5,1 % böyüyəcəyini ehtimal etsə də, infeksiya səbəbilə artıq ölkə iqtisadiyyatının kiçiləcəyini ehtimal edir. İnstitutun hesablamalarına görə, 2020-ci ildə neftin 1 barel ortalama qiyməti 40 dollardan götürülsə, Yaxın Şərqdə neft ixrac edən 9 ölkə, ümumumilikdə, 192 milyard dollar zərərə məruz qalacaq. Hesablamalara əsasən, bu ölkələr arasında ən çox maliyyə itkisi Səudiyyə Ərəbistanında, ən az isə Qətərdə olacaq. Dünya Bankının hazırladığı hesabatda isə Türkiyə iqtisadiyyatının da cari ildə ciddi itkilərlə qarşılaşacağı qeyd olunur. Belə ki, Dünya Bankı Türkiyənin inkişaf ehtimalını 3%-dən 0,5 %-ə salıb.

 

Yaxın Şərqdəki toqquşmalara təsiri
 

Hazırda Yaxın Şərq və Şimali Afrika regionunda aktiv olan Yəmən, Liviya və Suriya problemlərinin həllini infeksiya mərhələsi sürətləndirə bilər. Xüsusilə Yəmən və Liviyada döyüşlərin uzun müddət maliyyələşdirilməsi Səudiyyə Ərəbistanı və Əmirliklər üçün böyük maliyyə yüküdür. Səudiyyə Ərəbistanının ixrac gəlirlərinin 70%-dən çoxunun neft məhsullarından əldə edilməsi və 2020-ci ilin sonuna qədər enerji qiymətlərində kəskin yüksəliş ehtimalının az olması Yəmən müharibəsinin sülh danışıqları ilə həllinə şərait yarada bilər. Yəməndə Əmirliklərin dəstəklədiyi “cənubi keçid məclisi” ilə Səudiyyə dəstəkli Hadi hökuməti arasında vaxtaşırı toqquşmaların müşahidə olunması və bu iki qüvvənin birləşə bilməməsi sülh danışıqları ehtimalını gücləndirir. Bu ixtilaf Husilərə qarşı güc balansının dəyişməsini əngəllədiyi üçün Husilər, Hadi hökuməti və Cənubi keçid məclisi arasında tam qalibin çıxmamasına şərait yaradır. Yəməndə 1 aylıq atəşkəs elan olunsa da, toqquşmaların hazırda da bəzi yerlərdə davam etdiyi müşahidə olunur. Ciddi irəliləyişin əldə edilmədiyi toqquşmalarda sülh danışıqları istisna edilmir.
 

Eyni şəkildə, Liviyada davam edən toqquşmalarda Haftər qüvvələrinin Əmirlik və Misir dəstəyinə rəğmən son bir ay ərzində BMT tərəfindən tanınan Türkiyə dəstəkli Milli Razılıq Hökuməti qarşısında bir çox strateji əraziləri itirdiyini görürük. Daha əvvəl sülh danışıqlarını rədd edən Haftər qüvvələrinin əsas maliyyə dəstəkçisi olan Əmirliklər dərhal sülh danışıqlarının bərpa edilməsini gündəmə gətirdi. Hazırda təşəbbüsü ələ keçirən mərkəzi hökumət qüvvələri hadisələrin gedişatından asılı olaraq bu təklifi qəbul edə bilər.
 

Suriyada vəziyyət Yəmən və Liviya ilə müqayisədə səngisə də, ölkənin iqtisadi vəziyyəti olduqca ağırdır. Ordu xərclərinin qarşılanması, maaşların ödənilməsində yaranan problemlər enerji qiymətlərinin azalması ilə özünü daha qabarıq göstərməyə başladı. Xüsusilə Rusiya və İrandan dəstək alan Suriya hökuməti hazırda bu ölkələrdən maliyyə dəstəyini almaqda da çətinlik çəkir. Məhz bu səbəbdən Rusiyanın təşəbbüsü ilə yay aylarında yeni konstitusiyanın tam hazır olaraq tərəflər arasında danışıqların sürətlənəcəyi ilə bağlı məlumatlar yayılmağa başlayır.
 

Nəticə etibarilə, infeksiya mərhələsi Yaxın Şərq regionunda neft ixrac edən ölkələrin maliyyə itkilərinə səbəb olacaq. Bu itkilərin uzun müddətli olması isə regionda müharibələri maliyyələşdirən ölkələrin yeni siyasət izləmələrinə, sülh mərhələlərinin başlamasına səbəb ola bilər.


Hafiz Məmmədov / Eastnews.org




Mənbə: Eastnews.org Oxunub: 1925 dəfə; Tarix: 2020-05-01 16:04
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Belarusda vəziyyət necə olacaq?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!