Avropanın qaçqınlarla sınağı və artan millətçilik - Təhlil


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyədəki miqrantların Avropaya getmələrini əngəlləməyəcəklərini bildirməsi Avropada yenidən qaçqın məsələlərini gündəmə gətirdi. Son on il ərzində müharibə və yoxsulluğun meydana gətirdiyi acı nəticələr milyonlarla insanın Suriya, İraq, Əfqanıstan, Pakistan kimi Şərq ölkələrindən Qərbə üz tutmalarına səbəb oldu. Eyni zamanda, Niger, Çad və Liviyadan da on minlərlə insan Aralıq dənizi vasitəsilə İtaliya sahillərinə daha yaxşı həyat ümidilə yola çıxsalar da, bunların bir qismi aclıq, xəstəlik səbəb ilə vəfat etdi və ya dənizdə boğuldular. Qaçqın axını qloballaşmanın hökm sürdüyü  bir vaxtda Avropada yenidən millətçiliyin və radikal sağ partiyaların yüksəlişinə yol açdı. İtaliyadan İsveçə, Fransadan Bolqarıstan və Yunanıstana qədər Avropada miqrant axınlarına qarşı millətçiliyin yüksəldiyini müşahidə etmək mümkündür. Burada diqqət çəkən əsas nüanslardan birincisi, Afrikadan və xüsusilə də, İslam Şərqindən Qərbə köç edən qaçqınlara qarşı yüksələn millətçilik tendensiyası artıq Avropa Birliyinin özünə qarşı çevrilməyə başlamasıdır. Bunun ən böyük nümunəsi isə birliyi tərk edən Böyük Britaniyadır. Artıq rəsmi olaraq Avropa Birliyini tərk edən Britaniyanın belə bir addım atmasında ən böyük faktorlar miqrant axını və Avropanın iqtisadi baxımdan böhranla mübarizə aparan Yunanıstan, Portuqaliya kimi ölkələrə maliyyə dəstəyi ayırmaqdan imtina etməsi idi.


Avropada ümumi mənzərə


Miqrant axınına qarşı birliyin işlək mexanizmə sahib olmadığını düşünənlər yalnız ingilislər deyil. Fransada 2017-ci il Prezident seçkilərində ikinci tura qalaraq hazırkı Prezident Emmanuel Makrona rəqib olan və səslərin 34,5 %-ni alan “Milli Cəbhə” lideri Marine Le Pen də miqrantlara qarşı sərt mövqeyi ilə seçilir. Prezident seçiləcəyi təqdirdə, Fransanın Avropa Birliyindən çıxması üçün lazımi mərhələni (Frexit) başladacağını qeyd etmiş, sərhədləri tamamilə miqrantların üzünə bağlayacağını ifadə etmişdi. Lakin Prezident seçilən Makron başlanğıcda özünü liberal-demokrat kimi tanıtsa da, ölkə daxilində nüfuzunun düşməsi onu da populist çıxışlara vadar etdi. Məhz bu səbəbdən İslamı hədəfə alan çıxışlara yer verən Makron son olaraq Fransada təhsil alan türk və ərəb əsilli məktəblilərin həftədə iki dəfə öz ana dillərini öyrənməsini təmin edən dərsləri “İslami separatizm” olaraq dəyərləndirmiş və bu dərslərin tədrisini dayandırmışdı. Bu da bizi ikinci qənaətə gətirir, yəni siyasi baxımdan sol və ya mərkəz düşüncəyə sahib və özünü liberal-demokrat adlandıran Avropalı liderlərin də artıq radikal sağa meyil etdiklərini görürük.


Birlik daxilində əsas aparıcı rola malik Almaniyada da qaçqın axını millətçiliyin yüksəlişinə zəmin hazırladı. Almaniya kansleri Angela Merkelin miqrantların bir qismini qəbul etməsi nəticəsində narazı millətçi düşüncəyə sahib qruplar 2013-cü ildə “Almaniya üçün Alternativ” (Alternative für Deutschland-AfD) partiyasını qurmuşdular. Qısa müddətdə populyarlıq qazanan partiya 2017-ci il seçkilərində 12,7% səs yığaraq Alman Federal Məclisinə 92 millət vəkili gətirə bildi və əsas müxalifət partiyası rolunu oynamağa başladı. Bu millət vəkillərindən 43-ü İslama qarşı sərt mövqeyi ilə tanınır. İrqçi, eyni zamanda mühafizəkar sağ düşüncəyə sahib AfD bir müddət sonra müsəlman oğlan uşaqlarının sünnət edilməsinin Almaniyada qadağan olunmasınının “vacibliyini” də  gündəmə gətirmişdi. 2019-cu ildə Almaniyada keçirilən əyalət seçkilərində isə Afd çox ciddi yüksəliş göstərərək Saksoniya əyalətində 27,5 %, Brandenburqda isə 23,5 % səs toplaya bildi və Almaniya siyasətində vacib fiqur olduğunu göstərdi. Almaniyada radikal sağın belə bir yüksəlişi kansler Merkeli daha da ehtiyatlı siyasət izləməyə məcbur edir. Buna görə də Almaniya diplomatları Türkiyə tərəfini yenidən miqrantları Türkiyədə saxlamaları qarşılığında maliyyə dəstəyi verməyə inandırmağa çalışır. Şübhəsiz ki, Almaniyada iqtidarda olan hazırkı koalisiya hökuməti yeni bir kütləvi qaçqın axınının AfD-ni iqtidara bir addım daha yaxınlaşdıracağını yaxşı bilirlər.


Miqrantların Avropada getmək istədikləri ölkələrdən biri də İsveçdir. 2018-ci ildə İsveçdə keçirilən parlament seçkilərində qaçqınlara qarşı sərt mövqeyi ilə tanınan “İsveç Demokratları” partiyası parlamentə 62 deputat göndərərək ümumilikdə, səslərin 17,6 %-ni ala bildi və İsveç parlamentində üçüncü güclü fraksiya oldu.


Avropada millətçiliyin yüksəlişi özünü Danimarkada da göstərir. İrqçi və miqrant əleyhdarı radikal “Danimarka Xalq Partiyası”, 2011-ci il seçkilərində 12,3 % səs toplasa da, Avropaya miqrant axınının qismən davam etməsi nəticəsində 2015-ci il seçkilərində adıçəkilən partiya səslərin 21,1 %-ni qazanaraq güclü mövqe əldə etdi.


Qeyd edək ki, hazırda Avropada millətçi partiyaların ən güclü mövqeyə sahib olduğu ölkələrdən biri Avstriyadır. İrqçiliklə dəfələrlə gündəmə gələn “Avstriya Azadlıq Partiyası” 2017-ci il seçkilərində səslərin 26 %-ni qazanaraq koalisiya hökumətində yer aldı. Hazırda Avstriyada Daxili İşlər, Xarici İşlər və Müdafi Nazirlikləri adıçəkilən millətçi partiyanın nümayəndələrindəndir.


Bütün bunlardan əlavə Finladiyada “Finlandlar” partiyası, Macarıstanda “Jobbik”, İtaliyada isə “Beş Ulduz Hərəkatı” sərt millətçi çıxışları ilə adıçəkilən ölkələrdə böyük dəstəyə sahibdirlər.


Türkiyənin miqrant siyasətinin Avropaya təsiri


Ərdoğanın Avropa Birliyinin öz sözündə durmayaraq qaçqın məsələlərində Türkiyəyə vəd edilən dəstəyin verilmədiyini ifadə etməsi və sərhədlərin miqrantların üzünə açıldığını elan etməsi Almaniya liderliyində Avropa daxilində ciddi narahatlığa səbəb oldu. Şübhəsiz ki, Türkiyənin son illərdə iqtisadi inkişafda zəif nəticələr göstərməsi, ölkədəki qaçqınlara ümumilikdə 40 milyard dollardan çox pul xərcləməsi, qaçqınlardan doğan narahtlığın əhalidə psixoloji gərginliyə yol açması və bunun bunun nəticəsində iqtidardakı Ədalət və İnkişaf Partiyasının nüfuzunun sürtlə gerilməsi Türkiyə Prezidentini belə bir addım atmağa vadar etdi. 2016-cı ilin mart ayında miqrant məsələləri ilə əlaqədar olaraq imzalanan Türkiyə-Avropa Birliyi razılaşmasına əsasən, Türkiyənin Qərbə nizamsız qaçqın axınının qarşısını alması müqabilində Avropa Birliyi Türkiyəyə 2018-ci ilin sonuna qədər 6 milyard avro maliyyə dəstəyi vəd etmişdi. Razılaşmaya görə, birlik Türkiyəyə viza verilmə prosedurlarını da asanlaşdırmalıydı. Lakin keçən müddət ərzində birliyin öz vədlərinə əməl etməməsi Türkiyə tərəfinin imzalanan razılaşmadan faktiki olaraq çəkilməsinə yol açdı. Merkelin Ərdoğanla telefon danışığında sərhədləri bağlama qarşılığında 1 milyard avro dəstək vəd etdiyi və bu təklifinin rədd edildiyi də Ərdoğan tərəfindən ictimaiyyətə açıqlandı. Avropa Birliyinin bəzi siyasi  nümayəndələrinin Yunanıstana hərbi və maliyyə dəstəyi göstərərək miqrantlara qarşı güc tətbiq edilməsi təklifi də gündəmdə olan təkliflərdəndir. Uzun müddətdir, Şərqə “insan haqq və hüquqları” adı altında müdaxilə edən Qərbin hazırda yeganə planı miqrantları hər nə bahasına olursa olsun, Türkiyədə saxlamaqdır. Almaniyada iqtidar koaslisiyasında yer alan rəsmilər isə yaşları 18-dən aşağı olan sadəcə uşaq və yeniyetmələri qəbul edə biləcəklərini ifadə etdilər. Şübhəsiz ki, əsas məqsəd özlərinin rahat yönləndirə biləcəyi “Avropa dəyərlərinə” sadiq gənclərin yetişdirilməsidir.


Bütün bu prosseslər bir daha bizə Yaxın Şərqdə milli maraqlar uğruna bir-birilə müharibəyə belə hazır olan İslam ölkələrinin bu mövqelərindən əl çəkərək, qarşılıqlı əməkdaşlığı dərinləşdirmələri, problemlərin həllində region xarici qüvvələrin iştirakından qaçmalarının vacibliyini xatırladır. Olduqca zəngin təbii resurslara sahib Yaxın Şərq ölkələrinin Qərb qarşısında digər bir üstünlüyü də gənc nəsil nümayəndələrinin sayının olduqca çox olmasıdır.


Nəticə etibarilə, son 10 il ərzində Qərbə axın edən miqrantlar Avropa daxilində millətçiliyin yüksəlişinə səbəb oldular. Avropanın ikinci dünya müharibəsindən bəri təbliğ etdiyi plüralizm, insan haqqları, qloballaşma kimi iddialarının artıq millətçilik kölgəsində qaldığını görürük. Yeni bir qaçqın dalğasının Avstriya və İtalyada olduğu kimi Almaniya və Fransada da millətçilərin koalisiya hökumətində yer almalarına yol açacağı ehtimalı isə uzaq deyil.


Hafiz Məmmədov




Mənbə: Eastnews.org Oxunub: 338 dəfə; Tarix: 2020-03-14 12:15
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!