İranın Yaxın Şərqdə təsir dairəsi və əngəllər - Təhlil


İran İslam Respublikası (İİR) Yaxın Şərqdə hazırda təsir dairəsi ən geniş ölkə rolunu oynayır. Uzun müddətdir Livan üzərində "Hizbullah" təşkilatı ilə təsir gücünə malik olan İran, artıq Yəmən, İraq və Suriya üzərində də böyük təsirə malikdir. Regionda Şiə müsəlmanların qarantı olaraq öz gücünü nümayiş etdirən İran, birbaşa olaraq İraq və Suriyada, dolayı yolla isə Yəməndə özünün ölkə xaricindəki əməliyyat qabiliyyətini sübuta yetirib. Digər tərəfdən, regionda əsas 2 rəqibi olaraq qarşısına çıxan İsrail və Səudiyyə Ərəbistanı üzərində də üstünlük qazana bilib. Qeyd edək ki, İranın ölkə xaricindəki əməliyyatların yerinə yetrilməsində İran İslam İnqilabı Keşikçilərinin Qüds Qüvvələri həlledici rol oynayır. ABŞ-ın uzun müddətdir Yaxın Şərqdə İranı mühasirəyə alma strategiyasını qırmaq üçün İran tərəfi öz təsir dairəsini genişləndirərək əks tədbir görür. İran ABŞ-ın tətbiq etdiyi bu siyasətin eynisini Yaxın Şərqdə əsas ABŞ müttəfiqi olan İsrailə tətbiq edir. Belə ki, Fələstin, Livandakı Hizbullah təşkilatı və Suriya üzərindən İsraili mühasirəyə alan İran, regionda Amerikan mənfəətinə zərbə vuran əsas gücdür. İranın Yaxın Şərqdə təsir dairəsini genişlətmək üçün izlədiyi əsas strategiya ideolojik olaraq özünə yaxın qrupları təşkilatlandırmaqdan ibarətdir. Bunun ilk və ən güclü nümunəsi kimi Livandakı "Hizbullah" təşkilatını göstərmək  mümkündür.  

 

İraq

2003-cü ildə Səddam Hüseynin devrilməsi İran üçün regionda əsas rəqiblərdən birinin zərərsizləşdirilməsi və Yaxın Şərqdə yeni siyasi nizamın başlanğıcı demək idi. Bu, eyni zamanda, S.Hüseyn rejiminin varlığını bəzən İrana qarşı regionda balans olaraq görən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi üçün arzuolunan bir hal deyildi. Sonrakı mərhələdə, İraq üzərində artan ABŞ-İran rəqabəti İŞİD terror qruplaşmasının ortaya çıxması ilə qismən səngidi. İŞİD-ə qarşı Xalq Səfərbərlik Qüvvələrinin (Haşdi Şabi) formalaşmasında böyük rol oynayan İran, İraq üzərində təsirini daha da artıra bildi. ABŞ-ın İraqdakı varlığından narahat olan İran tərəfi, "Haşdi Şabi" içərisində də güclü mövqeyə sahib Amerikan əleyhdarı və İrana yaxınlıqları ilə bilinən “Bədr Qrupu”, “Əsaib ul-Haqq”, “Kətaib Seyyidul Şuhəda”, “Kətaib Hizbullah” (Hizbullah briqadası) kimi müxtəlif qrupların koordinasiyasında mühüm rol oynayır. Yuxarıda adı çəkilən qrupların İŞİD-in məğlub edilməsində böyük töhfə verdikləri məlumdur.


Digər tərəfdən, "Bədr" qrupu lideri Hadi Amiri, "Əsaib ul-Haqq" və "Kətaib Hizbullah" qrupları ilə Fəth koalisiyası adı altında birləşərək 2018-ci il parlament seçkilərində Müqtəda Sədrin liderlik etdiyi "Sairun" koalisiyasından sonra 47 deputatla parlamentdə ikinci ən çox yer qazanmış ittifaq oldu. Bununla da İran İraq üzərində siyasi olaraq da ciddi təsir imkanlarına sahib oldu.


İranın İraq üzərində təsirinin artması qarşısında ABŞ-ın yeni planlar paketi irəli sürdüyünü görmək mümkündür. Bunlardan ilki, İrana yaxın "Haşdi Şabi" içərisində bəzi şəxslərə qarşı süi-qəsdlərin həyata keçirilməsidir. Digər tərəfdən isə, Tramp administrasiyası İraq hökumətini sanksiyalarla təhdid edərək "Həşdi Şabi"nin bir qurum kimi ləğv edilərək Müdafiə və Daxili İşlər Nazirliklərinə inteqrasiya edilməsini tələb edir. Lakin ABŞ-ın bu tələbinin hələ ki cavabsız qaldığını görürük.

 

Suriya

Ərəb Baharı olaraq bilinən 2011-ci il üsyanlar mərhələsi sonrasında İranın Suriya üzərində də təsirini artırdığını müşahidə etmək mümkündür. İran rəsmiləri müxalifətə qarşı Bəşər Əsəd hökumətinin yanında yer almış, döyüşlərin şiddətləndiyi 2013-cü ildən etibarən isə hərbi yardım göstərmişdi. Bu dövrdən etibarən Qüds qüvvələri 50 min nəfərdən artıq şəxsə hərbi təlim keçərək, yeni Milli Müdafiə Qüvvələri formalaşdırdı. Müharibənin ilk illərində sürətlə geriləyən hökumət qüvvələrinə Livandan "Hizbullah", İraqdan isə "Bədr" və "Əsaibul-Haqq" qüvvələri həm canlı, həm də texniki dəstək göndərdilər. Lakin 2015-ci ildə üsyançıların yenidən təşkilatlanması və İŞİD terror qrupunun Suriyanın müxtəlif yerlərində güc qazanması İran dəstəkli hökumət qüvvələrinin bölünməsinə və yenidən geriləməsinə yol açdı. 2015-ci ilin Avqust ayında hökumət qüvvələri Suriya torpaqlarının cəmi 1/6-nə nəzarət edirdi. İran mediasında 2013-2015-ci illər ərzində 18 yüksək rütbəli İnqilab Keşikçisinin Suriya döyüşlərində həlak olduğu qeyd olunur. Suriyada vəziyyətin mürəkkəbləşdiyi bir vaxtda, İran tərəfi hökumət qüvvələrinə dəstək məqsədilə könüllü şiə dəstələrini də döyüşlərə cəlb etdi. Bunlar arasında Əfqanıstandan İrana köç edən şiə əfqanlardan təşkil olunmuş "Fatimiyyun" qrupu ilə Pakistan şiələrinin yaratdığı "Zeynəbiyyun" qrupu ön plana çıxır.


2015-ci ilin sonlarından etibarən Rusiyanın Suriyada hərbi hava əməliyyatlarının icrasına başlaması Suriyada hökumət qüvvələrinin yenidən təşəbbüsü ələ almasına səbəb oldu. İrana bağlı qrupların rus dəstəkli hava hücümları nəticəsində Suriyada İŞİD-lə müharibədə ciddi üstünlük qazanıldı. Müxaliflərə qarşı əməliyyatlarda da iştirak edən İran dəstəkli qruplar, müxalifətin nəzarətində olan şəhərlərin yenidən qazanılmasında və onların Türkiyə sərhəddinə doğru sıxışdırılmasında həlledici rol oynadılar.


Türkiyə dəstəkli müxalifətə qarşı Suriyada Rus-İran əməkdaşlığı öz bəhrəsini verdi. Lakin Suriyada Rusiya ilə İran arasında yeni bir rəqabətin başladığı da sirr deyil. İranın Rusiyadan fərqli olaraq regionda canlı qüvvəsi və təsir qabiliyyəti daha yüksəkdir. Eyni zamanda B.Əsədin qardaşı 4-cü diviziya komandanı Mahir Əsədin də Rusiyadan daha çox İrana yaxın mövqeyi olduğu məlumdur. Məhz bu səbəbdən də, Rusiya tərəfindən əsasını keçmiş müxalif sünnilərin təşkil etdiyi Suheyl əl-Həssanın komandanlığı altında beşinci diviziya yaradıldı. Suriyada iki ölkə arasında rəqabətin 2018-ci ildən etibarən daha da artdığını müşahidə etmək olar. Strateji əhəmiyyətli yerlərə nəzarət uğrunda Rus və İran dəstəkli qruplar arasında vaxtaşırı toqquşmalar da müşahidə olunur. 19 Aprel 2019-cu ildə Dey əz-Zor şəhərində İran İnqilab Keşikçiləri ilə rus hərbi polisi arasında toqquşmalar baş verdi. Bunun nəticəsində 2 iranlı həlak olub, 4 rus polisi yaralanmışdı. 


Digər tərəfdən, Rusiya Suriya üzərində İranla rəqabəti balanslaşdırmaq və sonda öz leyhinə çevirmək üçün Əsəd hökumətində dəyişikliklərə nail ola bildi. 19 İyun 2019 tarixində Rusiyaya yaxın şəxslər Suriya Xüsusitəyinatlı qüvvələrində önəmli vəzifələrə yerləşdirildi. Rusiyaya yaxın mövqeyi ilə bilinən Məhəmməd Məhlə, B.Əsədin təhlükəsizlik üzrə müşaviri təyin olundu. Ümumi kəşfiyyat bürosu, hava qüvvələri kimi önəmli yerlərdə əsas vəzifələrə yeni rus yönümlü şəxslər təyin edildi.Eləcə də, Müdafiə Nazirliyində bəzi postlara Rusiya yönümlü şəxslər gətirildi.


İsrailin cənubi Suriyada, eləcə də paytaxt ətrafında İran mövqelərini bombalamasına Rusiyanın göz yumması, ehtimal ki, təsadüfi xarakter daşımır.

 

Yəmən

İranın Yaxın Şərqdə təsirinin artdığı digər  bir ölkə isə Yəməndir. Yəməndə vətəndaş müharibəsinin şiddətlənməsi nəticəsində, 2015-ci ildə Səudiyyə Ərəbistanının Husilərə (Ənsərullah) qarşı hava hücumlarına başladığını görürük. Hadisələrə Səudiyyə Ərəbistanı və Əmirliklərin müdaxilə etməsi İranın da yeni bir cəbhədə mübarizəyə başlamasına səbəb oldu. İndiyə qədər davam edən döyüşlər, Səudiyyə Ərəbistanın Husilərə qarşı uğur qazana bilmədiyini göstərir. Bu, eyni zamanda, krallığın ölkə xaricində hərbi əməliyyat icra etmə qabiliyyətinin nə qədər zəif olduğunun nümunəsidir.


Nəticə etibarı ilə, İranın son 10 ildə Yaxın Şərqdə təsirinin artdığını görürük. Lakin, İraqda İran təsiri ABŞ mənfəəti ilə toqquşduğu halda, Suriyada Rusiya ilə anlaşmazlıq yaşayır. Yəməndə isə Səudiyyə Əərbistanı və Əmirliklər tərəfindən İran təsirinin qarşısı alınmağa çalışılsa da, hələ ki müvəffəq olunmayıb.




Mənbə: Eastnews.org Oxunub: 426 dəfə; Tarix: 2020-02-25 13:46
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!