ABŞ-ın İraqda yeni strateji gedişi - Təhlil


Keçən ilin noyabr ayında hökumət əleyhinə təşkil olunan kütləvi etirazlar nəticəsində Adil Əbdül Mehdi istefa vermək məcburiyyətində qalmışdı. Kütləvi etirazlar rüşvətxorluq, sosial xidmətlərin yarıtmazlığı, təhsil sistemi kimi bir sıra problemləri hədəf almışdı və etirazlar zamanı yüzlərlə insan qətlə yetirilmişdi. Uzun müddətdir siyasi böhranın baş verdiyi İraqda, Prezident Saleh Bərham keçmiş Rabitə naziri Məhəmməd Əlləvini cari ilin 1 fevralında İraqın yeni Baş Naziri olaraq təyin etdi və yeni hökuməti bir ay ərzində formalaşdırmağı tapşırdı. Elə həmin gün, Əlləvi "Twitter" hesabından verdiyi qısa video-açıqlamada İraq xalqını etirazlara davam etməyə çağırdı. Əlləvi eyni zamanda, etirazçıları qətlə yetirənlərin məsuliyyətə cəlb olunacağını və rüşvətxorluqla mübarizə aparacağına da yer verdi. Yeni Baş Nazirin qısa müddət sonra erkən seçkilərə gedəcəyi gözlənir. İraq parlamentində ən böyük siyasi fraksiyanın lideri olan Müqtəda Sədr, bu yeni təyinatı yaxşı bir addım olaraq dəyərləndirib. Lakin Bağdadın əsas etiraz məkəzi olan Təhrir meydanında, “Əlləvi rədd edilir!” şüarları səsləndirilməyə başlayıb. Digər tərəfdə, Nəcəf şəhərindəki etirazçılar da yeni Baş Nazirin təyinatını xoş qarşılamayıblar.


Yeni Baş Nazirin qarşısında duran problemlər


Olduqca mürəkkəb bir siyasi mərhələdən keçən, İraqda Məhəmməd Əlləvinin qarşısında öz həllini gözləyən çoxsaylı problemlər dayanır. Bu problemlər arasında rüşvətxorluqla mübarizə və sosial xidmətlər ön plana çıxsa da, İraq Kürd Muxtariyyatı ilə büdcə məsələləri və qarşılıqlı inamın yenidən bərpası da böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, xüsusilə, Nuri əl-Malikinin Baş Nazirliyi dövründə arxa plana atılaraq ciddi ayrıseçkiliyə məruz qalan sünni qruplarla da münasibətlərin bərpası və aradakı küskünlüyün ləğv edilməsi İraqın vahid bir dövlət halında qalması üçün vacib faktordur.


Yeni Baş Nazirin qarşısında dayanan digər problemlər silsiləsi isə xarici siyasətlə bağlıdır. İraqın hazırda ABŞ-İran rəqabəti üçün bir meydana çevrilməsi ölkə daxilindəki etirazlarda da özünü göstərir. Ölkə siyasətində çox önəmli fiqur olan Müqtəda Sədrin istisnasız bütün xarici qüvvələrin (sadəcə ABŞ deyil, İran, eləcə də Kürd muxtariyyətindəki Türkiyə ordusu) ölkədən çıxarılmasını təkidlə tələb etməsi, yeni Baş Nazirin üzərinə böyük öhdəlik qoyur. Məhəmməd Əlləvinin hərəkət dairəsinin geniş olması üçün, Sədr liderliyindəki Sairun koalisiyasının dəstəyini almaq məcburiyyətindədir. Əks halda, İraqa stabilliyin gəlməsi və Əlləvinin fəaliyyətinin uzunmüddətli olma ehtimalı çox aşağıdır.


Sabiq Baş Nazir Adil Əbdül Mehdidən miras qalan digər məsələ isə "Haşdi Şabi"nin gələcək funksiyası ilə əlaqədardır. Müqtəda Sədrin də son bir ay ərzində ifadə etdiyi fikirlərə nəzər salsaq "Haşdi Şabi"nin parçalanaraq Müdafiə və Daxili İşlər Nazirliklərinə inteqrasiya edilməsi məsələsi diqqət mərkəzindədir. Lakin, Məhəmməd Əlləvinin bunu qısa müddətdə bacaracağını iddia etmək çətindir.


İraqdan ABŞ qüvvələrinin çıxarılması məsələsi gündəmdə olduğu bir vaxtda, ABŞ-ın İraq üzərində təzyiqlərin artacağı da istisna deyil. Daha əvvəl İraqı böyük iqtisadi sanksiyalarla hədələyən Tramp administrasiyası qarşısında Əlləvini çətin sınaq gözləyir. Qərblə əlaqələri qoruya bilməyəcəyi halda, yeni Baş Nazirə ABŞ hökuməti kürdlər və sünni ərəblər üzərindən ağır təzyiqlər göstərəcəyi gözlənilir. Daha əvvəllər də, rəsmi Vaşinqtona yaxın dairələr və şəxslər tərəfindən ortaya atılan İraq daxilində sünni muxtar bölgəsinin qurulması məsələsi yenidən gündəmə gətirilə bilər. "Global Research" tərəfindən irəli sürülən iddialarda qeyd olunur ki, 2019-cu ilin may ayından başlayaraq bu məsələ ilə bağlı, Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ və ABŞ nümayəndələri ilə İraqın Ənbar vilayətindən olan şəxslər arasında görüşlər keçirilmiş, ilkin mərhələdə Ənbar vilayətinə sünni muxtariyəti statusu verilməsi, daha sonra isə, bu muxtariyyətin Səlahəddin və Nineva əyalətlərinə də şamil edilməsi barəsində müzakirələr aparılmışdı.


İddialarda bu planın ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən hazırlandığı, əsas məqsədin İranın İraq üzərindəki təsirinin azaldılması və İranın Suriya ilə əlaqələrini təmin etdiyi dəhlizin sünni muxtariyyəti ilə kəsilməsidir. ABŞ-ın istiqamətləndirməsi ilə sünni ərəblər və kürdlərlə Körfəzin ərəb ölkələri arasında bir koordinasiyanın qurulacağı da istisna deyil. İrəli sürülən iddiaları kənara qoysaq, həqiqətdə də, İraqın bir-birinə qarşı etimadı olmayan 3 əsas qrupa-Şiələr, Sünnilər və Kürdlərə ayrıldığını müşahidə etmək olar. Bu qruplar arasında hazırda ən zəif siyasi statusa malik olanlar isə sünni ərəblərdir. Məhz bu səbəbdən, Məhəmməd Əlləvinin ölkə daxilində məzhəb qarşıdurmasını yox etmək üçün ciddi proqramla çıxış etməsi lazım gələcək.


Nəticə etibarilə, Amerikan işğalından bəri uzun müddətdir daxili çəkişmələr və böhranlarla qarşılaşan İraqın yenidən inşası üçün məzhəblərarası rəqabəti bir kənara qoyaraq İraqlı kimliyini ön plana çıxartması vacibdir. İŞİD terror təşkilatı ilə mübarizədə infrastrukturu dağılmış şəhərlərin yenidən qurulması, eləcə də xarici sərmayədarların cəlb edilməsi üçün yeni iqtisadi paketlər də hazırlanaraq təqdim edilməlidir. Bütün bunların icra edilə bilməsi üçün, Baş Nazir ölkədəki nüfuzlu şəxslərlə də ortaq məxrəcə gələ bilməlidir.


Hafiz Məmmədov




Mənbə: Eastnews.org Oxunub: 482 dəfə; Tarix: 2020-02-06 13:00
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!