Ukrayna təyyarəsi İranda raketlə vurulub yoxsa iddialar cəfəngiyyatdır?  - Təfərrüat


Eastnewsorg-un verdiyi xəbərə görə, İran hökumət rəsmisi Əli Rəbii Ukrayna hava yollarına aid sərnişin təyyarəsinin raketlə vurulma iddialarının ABŞ tərəfindən ortaya atıldığını bildirib.


Əli Rəbii İran Mülki Aviasiya təşkilatı və Beynəlxalq Mülki Aviasiya təşkilatının (ICAO) qərarlarına görə qəza araşdırma komissiyası yaradıldığını və hadisənin şəffaf, diqqətli və sürətli şəkildə araşdırıldığını deyib.


Əlaqədar ölkələrin mütəxəssislərinin iştirakıyla qəzanın bütün tərəflərinin araşdırıldığını deyən Rəbii qeyd edib ki, təyyarənin aid olduğu ölkə Ukraynadır, istehsalçı firma "Boeing", mühərrik istehsalçısı Fransa və qəzada vətəndaşları ölən ölkələr də təhqiqata daxil ola biləcək.


Rəbii ABŞ-dan gələn açıqlamalarla əlaqədar olaraq isə "ABŞ tamamilə vərdiş etdiyimiz kimi, əməliyyatının bir parçası olaraq Pentaqondan adını vermək istəmədiyi bir rəsminin təyyarəyə 2 raket dəyməsi barədə dediyi sözü mətbuata yayıb. Bu iddianın gələcəkdə həqiqətdən uzaq və yalan olduğu ortaya çıxacaq. ABŞ hökumətinin və bilərək ya da bilməyərək onunla birlikdə hərəkət edənlərin icra etdiyi bu yalan kampaniya qəzada həlak olanların ailələrinin yarasına duz basmaqdadır", - deyib. 


İran Xarici İşlər nazirinin mətbuat katibi Abbas Musəvi də iddialara reaksiya verərək bildirib ki, bu iddiaları ortaya atan ölkələrin araşdırmalarda iştirak etməsini məmnuniyyətlə qarşılayacaqlar: "Kanada Baş Naziri Castin Trüdo və bu mövzuda əlində sənəd olan bütün dövlətlərdən əllərindəki məlumatları araşdırma komissiyasına çatdırmalarını istəyirik".


Bundan əlavə, ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası Ukrayna təyyarəsinin qəzaya uğraması səbəblərinin araşdırılmasında iştirak üçün İrandan bildiriş alıb və nümayəndə ayırıb.


Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinin PS752 reysinin qəzaya uğraması ilə bağlı İranın Mülki Aviasiyası Təşkilatının Aviasiya Hadisələrinin Araşdırılmaları üzrə Şurasından rəsmi xəbərdarlıq alıb.


Ukraynanın Tehrandakı səfirliyi isə bildirib ki, İranda Ukraynaya məxsus təyyarənin qəzaya uğrama səbəbini terror adlandırmağa heç bir əsas yoxdur.


Castin Trüdo da Kanada kəşfiyyatının əlində Ukrayna təyyarəsinin İrana aid raket ilə vurulmasına dair dəlillər olduğunu açıqlamışdı.


Britaniya Baş Naziri Boris Conson isə əllərində Ukrayna təyyarəsinin İrana aid raketlə vurulduğunu göstərən məlumat olduğunu iddia edib.

 

Dünən "Los Angeles Times" ABŞ dövlət katibinin, müdafiə nazirinin və MKİ-nin şefinin Konqresdə qapalı görüş zamanı Ukrayna təyyarəsinin vurulması haqda əllərində heç bir məlumatın olmadığını yazıb.


Xatırladaq ki, İran iddiaları ortaya atan ölkələri şəffaf araşdırmaya dəvət edib və iddiaları cəfəngiyyat adlandırıb.


Qeyd edək ki, Ukrayna Beynəlxalq Hava Yollarına aid "Boinq-737" sərnişin təyyarəsi Tehranda "İmam Xomeyni" hava limanından qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Təyyarədə olan 176 nəfər həlak olub.




Mənbə: Eastnews.org Oxunub: 695 dəfə; Tarix: 2020-01-10 09:42
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

İranda iğtişaşların çoxalması kimə sərf edir?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!