2020-ci il Yaxın Şərq problemləri - Təhlil və gözləntilər


2020-ci il özü ilə Yaxın Şərqə yeni gərginlik dalğaları gətirdi. Kökləri daha əvvələ gedib çıxan və 2019-cu ildə daha da kəskinləşən Yaxın Şərq problemlərinin cari ildə də sərt şəkildə davam edəcəyini demək mümkündür. Uzun onilliklər boyu davam edən İsrail-Fələstin münaqişəsi ilə yanaşı, regionda ABŞ-ın İranla artan gərginliyi, Suriya məsələsi, Liviya böhranı,Yəmən müharibəsi və İraqın dövlət strukturlarının zədəli vəziyyəti Yaxın Şərqdəki problemlərin əsasını təşkil edir. Hər şeydən əvvəl, Trampın Yaxın Şərq, xüsusilə İran siyasətində ABŞ siyasət qurucuları arasında Şahin qanadın öz təsirini artırdığını müşahidə edirik. Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin də aralarında olduğu şəxslərin sui-qəsdlə öldürülməsi bu fikri dəstəkləyən əsas faktlardandır. Prezident seçildiyi dövrdən etibarən ABŞ milli maraqları üçün əsas təhdid olaraq gördüyü Çinə qarşı addımlar atan Tramp Yaxın Şərqdə İranla olan problemləri də daha ağır və sərt sanksiyalar tətbiq etməklə həll edəcəyinə ümid edirdi. Tramp və ətrafı Obama dövründə İranla imzalanan müqavilənin ABŞ milli maraqlarına xidmət etmədiyini iddia edərək ləğv etmiş, yeni sanksiyalar tətbiq etmişdi. Bu sanksiyalar nəticəsində İranda ağır iqtisadi böhranın daxili iğtişaşlara yol açacağı və nəticə etibarilə İranın ABŞ-ın qoyduğu tələblər əsasında danışıqlar masasına gələcəyi planları boşa çıxdı. Şübhəsiz ki, İran danışıqlar masasına gələcəyi halda Tramp bunu ABŞ ictimaiyyətinə bir qələbə olaraq təqdim edəcək və 3 noyabr 2020-ci il tarixində keçriləcək Prezident seçkilərində öz mövqeyini gücləndirmiş olacaqdı. Lakin hadisələrin fərqli istiqamətdə cərəyan etməsi, ABŞ daxilində İrana sərt mövqeyi ilə bilinən Şahin qanadın və İsrail lobbisinin təsiri ilə də Tramp İran siyasətini dəyişdirməli oldu. Belə bir mühitdə İraqda Xalq Səfərbərlik Qüvvələri (Haşd Şabi) və ABŞ-ın regiondakı qüvvələri arasında kəskinləşən münasibətlər fonunda ABŞ-ın XSQ-nin üzvlərinin də həlak olduğu bazanı bombalaması və daha sonra ABŞ-ın Bağdaddakı səfirliyinə təşkil edilən sərt etirazlar məlum hadisələrə gətirib çıxardı. İran rəsmilərinin intiqam alacaqları ilə bağlı bəyanatlarına Trampın sosial şəbəkə hesablarında sərt cavablar verməsi regiona əlavə silahlı qüvvələr göndərməsi və İngiltərənin də ABŞ-a dəstək məqsədli 2 döyüş gəmisi yollaması vəziyyətin necə təhlükəli bir miqyasda olduğunu göstərir. Regionda böyük bir müharibə ehtimalının aşağı olduğunu, lakin gərginliyin uzun müddət qalacağı, hətta vaxtaşırı toqquşmaların ola biləcəyi də istisna edilmir. Şübhəsiz ki, hadisələrin gedişatı İranın atacağı addımlara bağlıdır.


ABŞ-ın sui-qəsd addımını atması İran daxilində birliyin daha da güclənməsinə səbəb olduğu kimi, İraq daxilində də müxtəlif qrupların ABŞ-a qarşı vahid cəbhədə birləşməsinə səbəb olacaq. Dövlət institutlarının olduqca zədələndiyi İraqda Baş Nazirin ABŞ – İran rəqabətində necə mövqe sərgiləyəcəyini isə zaman göstərəcək. Lakin realist perspektivdən baxdıqda Trampın da sanksiya ilə təhdit etdiyi İraqın dövlət səviyyəsində ABŞ qarşısında sərt mövqe sərgiləməsi ehtimalı azdır. Trampın sosial şəbəkə hesabından İraq tərəfi ABŞ hərbi bazalarına xərclənən milyardlarla dolları ödəmədiyi halda geri çəkilməyəcəklərini bildirməsi, regiondakı gərginliyin davam edəcəyini göstərən digər bir amildir. Pentaqondan İraqdakı bəzi hərbi bazaları boşaldacaqları ilə bağlı qarışıq siqnallar gəlsə də bunun nə qədər real olduğu sual altındadır. Tramp dövründə ABŞ dövlət strukturlarının fərqli fikirlər səsləndirdiyini dəfələrlə müşahidə etmişik. Digər tərəfdən, ABŞ rəhbərliyinin bir müddətdir İraq Baş Nazirinə "Haşd Şabi" qüvvələrinin tərkibinə daxil olan qrupların ləğv edilərək, İraq Müdafiə Nazirliyinin tərkibinə qatılması istiqamətindəki təzyiqləri ehtimal ki, yaxın dönəmdə qarşılıqsız qalacaq. Sui-qəsd nəticəsində "Haşd Şabi" qüvvələri içərisində önəmli yerə sahib olan Əbu Mehdi əl-Mühəndisin də həlak olması, adıçəkilən qüvvələrin ABŞ təzyiqi əsasında ləğv edilməməsi ilə yanaşı, daha da güclənməsinə səbəb ola bilər.


Suriya məsələsi


Yaxın Şərqdə gərginliyini qoruyan hadisələrin bir qismi isə Suriyada cərəyan edir. Türkiyə dəstəkli müxaliflərin Əsəd qüvvələri qarşısında daha da geriləməsi və yeni qaçqın axınları cari ildə də davam edir. Rusların İdlib bölgəsini güzəştə getməmələri və masaya daha güclü şəkildə oturma istəkləri qarşısında Türkiyənin seçimləri getdikcə tükənir. Bunun nəticəsidir ki, Türkiyə müxalifəti Prezident Ərdoğanı israrla Əsədlə danışıqlara getməyə çağırır. Türkiyə ÜDM-nin 2017-ci ildə 851 milyard dollardan 2019-cu ildə 706 milyard dollara qədər geriləməsi və bunun ölkə daxilində ciddi iqtisadi çətinliklərə yol açması sosial narazılığın daha da  artmasına yol aça bilər. Buna görə də Suriya böhranının həlli üçün Türkiyə tərəfinin 2020-ci ildə Rusiya ilə dialoqlarını artırması, hətta Rusiya vasitəsilə Əsədlə görüşlərin təşkili də ehtimal daxilindədir.


Suriyada hadisələrin sonu yaxınlaşarkən Rusiya-İran rəqabətinin daha da artacağı istisna deyil. Təsadüfi deyil ki, Rusiya dəstəkli qrupların strateji yerləri İran dəstəkli qruplardan almaq üçün hələ 2018-ci ildən hərəkətə keçdikləri məlumdur. Hələb hava limanı uğurunda iki qrup arasında toqquşmalar olmuş, Rusiya dəstəkli qruplar hava limanının nəzarətini ələ keçirmişdi. Nəzərə alaq ki, Rusiya-İran münasibətləri qarşılıqlı inam və etimad əsasında deyil, ortaq maraqlar əsasında qurulur. Əsədin iqtidarını bütün Suriyada bərqərar etməsilə, onu dəstəkləyən əsas iki ölkə olan Rusiya və İran arasında rəqabətin daha da artacağı gözlənilir.


Digər tərəfdən, Suriyada kürd silahlılarının da aqibəti hələ naməlum olaraq qalır. ABŞ-ın hazırda Suriyanın şimal-şərqində neftlə zəngin bölgələrdə 1000 nəfərdən ibarət əsgərləri mövcuddur. Rusların eyni zamanda kürdlərlə də sıx təmasda olması rəsmi Ankaranın Rusiyaya olan şübhələrini daha da artır.


Liviya və Yəmən məsələsi


2020-ci ildə daha fəal şəkildə gündəmdə olacaq hadisələrin cərəyan etdiyi digər bir ölkə isə Liviyadır. Türkiyənin Liviyada müdafiə etdiyi və BMT tərəfindən rəsmi hökumət olaraq tanınan Milli Razılıq Hökumətinə canlı qüvvə və silah-sursat göndərməsi hərbçi Xəlifə Haftəri müdafiə edən dövlətlərin də hərəkətə keçməsinə səbəb oldu. Daha əvvəl, örtülü formada Haftəri dəstəkləyən Misir və BƏƏ Türkiyənin bu qərarından sonra Haftərə yardım edəcəklərini açıqladılar. Ərdoğan Milli Razılıq Hökumətinə dəstək məqsədilə Əlcəzair və Tunislə də təmasa keçdi, Misir və BƏƏ-ni balanslaşdırmağa çalışdı.

Berlində tərəflər arasında görüşlərin keçiriləcəyi barəsində qərar qəbul edilsə də, döyüşlərin daha da şiddətləndiyi bir dövrdə ciddi bir nəticə gözlənilməməlidir. Lakin Rusiyanın Haftəri dəstəkləməsi Ərdoğanı Suriyadan sonra Liviyada da ruslarla üz-üzə qoyub. Ərdoğanın 26 dekabr tarixində Rusiyanın "Vagner" silahlı dəstələrinin Liviyada varlığını tənqid etməsi və bir müddət sonra Liviya Milli Razılıq Hökumətinə dəstək göndərməsi gərginliyin uzun müddət davam edəcəyindən xəbər verir.

Ərdoğanın Milli Razılıq Hökuməti qüvvələrinin əməliyyatlarının təkmilləşdirilməsi və koordinasiyası üçün bir general-leytenantı təyin etdiyini açıqladıqdan sonra rusların da Haftərə dəstək məqsədilə bir generalın rəhbərlik etdiyi heyəti Liviyaya göndərdikləri barədə xəbərlər yayıldı. Ərdoğan Putinlə 8 yanvar tarixində məsələləri ətraflı şəkildə müzakirə edəcəyini bildirsə də, qısa müddət ərzində Liviya böhranının həllini gözləmək xəyalpərəstlik olardı.


Çox təəssüf ki, 2020-ci ildə də Yəməndəki siyasi və iqtisadi böhranın davam edəcəyini ehtimal etmək olar. On minlərlə insanın ölümünə yol açan qida çatışmazlığı və toqquşmalar Yaxın Şərqdə davam edən qanlı müharibələr arasında hazırda bəlkə də ən amansız olanıdır.




Mənbə: Eastnews.org Oxunub: 394 dəfə; Tarix: 2020-01-08 11:30
Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz.

Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.













Xəbər lenti

Çox oxunanlar

Sorğular

Neft və koronavirus olayından sonra dünya yeni bir nizama keçəcəkmi?




Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Instagramdan bizi izləyin!