Rusiya Qarabağ münaqişəsinin nizamlanması prosesinin intensivləşməsi üçün hər şeyi edəcək


Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün özündən asılı olan nə varsa, yerinə yetiriləcək ki, prosesin normallaşması dayanmasın, əksinə intensivləşsin.


"O ki qaldı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı tədbirlərin qrafikinə, bu barədə müvafiq məlumat olan kimi bildirəcəyik", - deyə Rusiya XİN sözçüsü "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 2017-ci ildə Rusiyanın gözləntiləri nədir" sualına cavabında qeyd edib.


Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.


1991-1994-cü illərdə Azərbaycanın  Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.


Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.


1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.


Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.




Mənbə: APA Oxunub: 356 dəfə; Tarix: 2016-12-27 17:31:27
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında