Nüvə razılaşmasının müəmmalı qalibi və Ayətullah Xameneyinin məsələ ilə bağlı mövqeyi - Təhlil


ABŞ senatı İrana qarşı sanksiyaların müddətini 10 il artırmaqla bağlı qərar qəbul edib.


Eastnews.org gündəm mövzusu olan sanksiyaların artırılması, qadağalar, nüvə razılaşması və digər məsələləri təhlil edən yazı təqdim edir:

 

İran ilə Qərb ölkələrinin imzaladığı kağızı barışıq, anlaşma, sanksiyaların ləğvi kimi qiymətləndirən ekspertlərin sayı az deyil. Belə şəxslər həm İranda, həm də digər ölkələrdə var. JCPOA - Joint Comprehensive Plan of Action (Barcam - Barnameye Came) razılaşmada hər iki tərəf əsas mahiyyətdən kənar siyasi məqsədlər güdürdülər.


Bu gün Amerikanın kobud şəkildə razılaşmanı pozması məsələnin bir daha fərqli olduğunu göstərir. Doğrudur, prezident Barak Obamanın Senatın qərarına veto qoyma ehtimalı olsa da, bəzi ekspertlər hesab edir ki, yenə də razılaşmanın mahiyyətinə müvafiq məqsəd hasil olmayacaq.


Məsələ ilə bağlı qarşımızda 4 sual çıxır:


1) Nə üçün sanksiyaların götürülməsi, (yəni barışıq) mümkün deyil?


2) İranın müzakirələrdə iştirak etməkdə və anlaşmanı imzalamaqda məqsədi nə idi və nəyə nail oldular?


3) İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei niyə müzakirələrə icazə verdi və nə əldə etdi?


4) Qərb ölkələri, xüsusilə ABŞ müzakirələrdə və razılaşmanı imzalamaqda məqsədi nə idi və nəyə nail oldu? 



İlk öncə 1-ci sualımıza cavab verməyə çalışaq. Nə üçün sanksiyaların götürülməsi, (yəni barışıq) mümkün deyil?


Bu sualın cavabından öncə bir məsələyə diqqət etməkdə fayda var. Müzakirələr və anlaşmada sanksiyaların tamamilə götürülməsindən söhbət getmirdi. İrana 4 növ sanskiya tətbiq olunub: 1) İnsan hüquqlarına görə, 2) Qərbin nəzərindən terroru dəstəklədiyinə görə, 3) Müdafiə Sənayesinə, xüsusilə raket sisteminə qarşı, 4) Nüvə proqramına görə.


Qeyd olunan müzakirə və razılaşma sadəcə 4-cü sanksiyaya aid idi.
 

Sanksiyaların tamamilə götürülməsinə və barışığın mümkünsüzlüyünə gəlincə, bunu sadə bir sualla anlamaq mümkündür. Sanksiyalar niyə qoyulub? Səbəb nədir? Doğurdanmı yuxarıda qeyd olunan 4 səbəbə görədir? Və doğurdanmı qərb bu gün şübhələrinə cavab tapa bilib?


Zənnimcə buna inanmaq çox sadəlövhlük olar. Çünki İran və Qərb arasında mahiyyət problemi var. Sansksiyaları Qərb mahiyyəti İran mahiyyətinə tətbiq edib. İki tərəfdən biri mahiyyətini dəyişməyincə barışıq mümkün deyil. Ayətullah Xameneinin də dediyi kimi, qərb bunu deməkdən çəkinmir. Onların məqsədi İranda nizamı dəyişməkdir. Bunun üçün nə lazımdırsa ediblər və edəcəklər.


İrandakı bəzi siyasətçilərin də bilərəkdən və ya bilməyərəkdən ilişdikləri yer buradır. Onlar düşünür ki, qərb yanlış yerə İran barədə pis fikrə düşüb, biz şübhələri aradan aparsaq hər şey həll olunacaq. Lakin vəziyyət belə deyil. Qərb bu məsələdə şübhədə yox, yəqindədir. Onlar üçün İranın nüvə, raket proqramından, insan hüquqlarından çox, mahiyyət problemi var və İran nizamının onlar üçün mütləq problem olacağından əmindirlər.


Pakistanın nüvə təsisatları var. Pakistandakı nüvə stansiyaları sülhyönümlü deyil, açıq aşkar nüvə silah istehsalını reallaşdırır. Buradakı hakimiyyət regionun ən zəif, bütün ölkə ərazisinə nəzarət edə bilməyən, tez-tez dövlət çevrilişlərinə məruz qalan hakimiyyətdir. Bəs belə olduğu halda niyə Pakistanın nüvə fəaliyyəti heç kəsi narahat etmir? Dediyimiz kimi fərq mahiyyətdədir.


Region ölkələrində, Səudiyyə Ərəbistanında, Bəhreyndə, Qətərdə insan hüquqları İrandakından dahamı yaxşı vəziyyətdədir? Niyə onlara insan hüquqlarına görə sanksiyalar tətbiq olunmur və yaxın müttəfiq kimi əməkdaşlıq edilir? Çünki mahiyyət fərqi var.


İkinci sualın cavabından öncə önəmli qeydi vurğulayaq. İran dövləti deyiləndə hökumətdə olan siyasi cərəyan, prezident və onun komandası nəzərdə tutulur. Sual isə belə idi: İranın müzakirələrdə iştirak etməkdə və anlaşmanı imzalamaqda məqsədi nə idi və nəyə nail oldular?


İran dövlətinin müzakirələrdə iştirak etməsi öz-özlüyündə ən təbii haldır. Ortada problem var və illərdir bu problemin həlli üçün müzakirələr aparılır. Lakin əvvəlki müzakirələrdə İran tərəfi daha prinsipial və ehtiyyatlı mövqe sərgiləyirdi. Bundan əvvəlki müzakirə komandasının rəhbəri Səid Cəlili "razılaşma olmasa müharibə olacaq" təhdidinə cavab olaraq süni ayağını çıxararaq "mən bir ayağımı müharibədə itirmişəm" demişdi.


Hazırki siyasi cərəyan və ideoloqları müzakirəyə yalnız siyasi dividend qazanmaq və özlərini gücləndirmək üçün bu qədər tələskən və ehtiyatsız daxil olmuşdular. Düzdür bəziləri həqiqətən ortada bir yanlış anlaşma olduğunu və müzakirə ilə aradan gedəcəyini düşünürdü. Hətta ara-sıra daxildə də ABŞ ilə anlaşmaq varkən niyə müharibə edək deyə dolayısı ilə cəmiyyəti təhdid edənləri də var idi. Ayətullah Xamenei bu barədə çox çıxışlar edib. Bu çıxışlarının birində çox vacib nöqtəyə toxundu. Ayətullah Xamenei "mən tələsməyin deyəndə ağalar təkid etdilər ki, 2-3 aydan çox vaxtımız qalmayıb. Guya 2-3 ay 4 ay olsaydı nə dəyişəcəkdi?", - deyə bildirmişdi.


Tələsmənin ciddi səbəbləri var idi. Qarşıdan Xubreqan məclisinin və parlamentin seçkiləri gəlirdi. Bəziləri anlaşmadan əldə olunan müvəqqəti uğurdan yararlanaraq iki əsas mövqeyi ələ keçirəcəyini tamah etmişdi.


Qərbin İran daxilində islahat qanadının güclənməsinə nisbi ümidləri olduğunu nəzərə alsaq, "imzalayın bir şeylər, ağa durur, ağacan durur, baxarıq" prinsipi ilə yanaşdığını sezə bilərik.


Bu siyasi cərəyan həm də demək istəyirdi, bax nə gözəl anlaşırıq, qərbin bizlə problemi yoxdur. Problem yaradan bizdən qabaq hökumətdə olan və indi bizə rəqib olan radikal ünsürlərdir. İkinci hədəf dövlət birinci 4 illiyində İran rialını kəskin devalivasiyadan qoruması idi. Dondurulmuş pulları geri almaq, neft ixracatını artırmaqla ölkəyə valyuta axınını təmin edərək devalivasiydan qaçmaq mümkün idi. Düzdür, kəskin devalivasiya olmadı, amma milli valyutanın məzənnəsi sabitləşmədi. Vahid kurs sisteminə keçmək mümkün olmadı.  (***İranda mərkəzi bank və bazar kursu fərqlidir)


Bəs pullar geri verildimi?


Sualın cavabından əvvəl bir şeyi qeyd edək. İzləyənlər bilir, dondurulmuş pulların miqdarı barədə İran rəsmilərinin açıqlamaları fərqli idi. 30, 50, 120 milyard kimi rəqəmlər deyilirdi. Prezident bir rəqəm, Mərkəzi Bank başqa rəqəm, Dövlət Neft Şirkəti daha başqa bir rəqəm açıqlayırdı. Burada dövlət büdcəsinə, mərkəzi bank xəzinəsinə, milli rezerv fonduna aid pullar var. Problem burasındadır ki, imzalanmış sənəddə şəffaf olmayan yerlərdən biri hansı pulların azad olacağı barədə idi.


Problemin daha fundamental tərəfi var. Məsələ nə qədər pul almaq deyil. Ayətullah Xamenei əsas iradı bu idi ki, sanksiyaların "saxtari" yəni özəyi aradan getməlidir. Sənəddə isə ABŞ tərəfi sanksiyaların qaldırılmasına deyil, icrasını dayandırılmasına imza atdılar.


Bizdə bu aylar ərzində nə qədər pulun verildiyinə dair məlumat yoxdur. Lakin əsas problem, sanksiyaların özəyinin yerində qalması və ödəmələrin şəffaf mexanizminin olmamasıdır. Verilən pullar "filan daşın altına qoydun götür" kimi formada verilirdi. Omman banklarına, ordan Dubay banklarına, oradan isə qeyri rəsmi İrana daşındı.


Ayətullah Xamenei açıq və ya üstüörtülü şəkildə dediyi və diqqət olunası bütün məqamlar özünü göstərdi. Xüsusilə, sanksiyaların özəyinin qalması ciddi problem olduğunu bu gün özünü göstərdi.

 

Üçüncü sualın cavabı:  İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei niyə müzakirələrə icazə verdi və nə əldə etdi?
 

İran müzakirələrdə iştirak etməklə əslində qərbin uzun illər onu küncə sıxışdırma, blok etmə siyasətini darmadağın etdi. Vaxt var idi ki, İran rəsmiləri beynəlxalq konfranslarda çıxış edərkən qərb rəsmiləri zalı tərk edirdi. Bu durumda dünyanın super qüvvələri İranı qarşısına alır və müzakirə masasına oturur. Özü də müzakirə mövzusu ən prestijli məsələdir. Bütün məhdudiyyətlərə baxmayaraq nüvə proqramı və nüvə biliyi bütün dünyanın gündəminə çevrilir.


Nüvə mövzusunu qabartmaqla İran oyunu rəqibini meydanına atmağı bacardı. Bu mövzu olmasa, İran terrora dəstək, insan hüquqları kimi məsələlərdə müdafiə olunmalı idi. Amma İranın bu dəfəki hərəkətinin mənası bu idi ki, siz zəhmət çəkin özünüzü müdafiə etmək üçün müzakirə masasına oturun.


Ayətullah Xamenei bütün seçilmiş hökumətlərə fəaliyyətləri üçün maksimum azadlıq verir. Bu Xatəmi, Əhmədinejad dönəmində də belə idi. Ayətullah Xamenei xalqın seçiminə hörmətlə yanaşır, nəsihətlərini əsirgəmir, lakin zərurət olmasa açıq müdaxilə etmir.


Yəni Ayətullah Xamenei sadəcə nəsihət və xəbədarlıqlar edir. Lakin qarşı tərəfin bir iddiası varsa, aydınlıq gətirilməsi üçün əyani şərait yaradır. Yoxsa "hər şey gözəl olacaqdı, filankəs qoymur" deyə sui təbliğatlara zəmin yaranar.

"Deyirsiniz ABŞ səhvini anlayıb, sanksiyalar götürüləcək, hər şey yaxşı olacaq? Buyurun meydan sizin, lakin görəcəksiniz ki, düşmənə etimad etməklə səhv edirsiniz", deyə Ayətullah Xamenei bildirmişdi


Beləliklə həm İran xalqı, həm də dünyanın vicdanlı insanları bir daha şahid oldular ki, ABŞ və onun müttəfiqlərinə etimad etmək olmaz. 

 

Və nəhayət sonuncu sualın cavabı: Qərb ölkələri, xüsusilə ABŞ müzakirələrdə və razılaşmanı imzalamaqda məqsədi nə idi və nəyə nail oldu?


1 - İlk olaraq qərb ölkələrinin İranla müzakirə masasına oturması bir növ məcburiyyət idi. Uzun illər hər tərəfli basqıların nəticə verməməsi bir zərurət yaradırdı. Təsəvvür edin illərdir İran ən ciddi təhlükə kimi təqdim olunur, bütün basqı metodlarından istifadə olunur, İran isə bütün proqramlarını öz tempində davam etdirir. Deyilənlər doğrudursa niyə hərbi müdaxilə edilmir, niyə bu təhlükə aradan qaldırılmır? Qərbin isə İrana hərbi müdaxilə imkanları hazırki şəraitdə sıfıra bərabərdir. Bunu Ayətullah Xamenei də açıq şəkildə bəyan etmişdi. Ona görə də müzakirələrdən başqa yol qalmırdı. Ən pis durumda ən yaxşı nəticələr əldə etmək üçün səy göstərilir.


2 - İrandaxili siyasi cərəyanlar arasında ixtilafı şiddətləndirmək, qərblə anlaşmanın mümkün olduğunu, problemin "radikal üsnürlər" tərəfindən olduğunu İran xalqına inandırmaq, xüsusilə İranda keçiriləcək seçki öncəsi mühafizəkar qanadı zəiflətmək.


3 - Eynilə bu razılaşma ABŞ-da hakimiyyətdə olan demokratlar üçün də, ilin sonunda (noyabrda) keçiriləcək seçkilər üçün dividendlər gətirə bilərdi. Hər halda böyük bir "təhlükəni" müharibəsiz aradan aparmaq yaxşı xalq qazandırardı.


4 - İranın nüvə proqramının inkişafını önləmək, mövcud təsisatları sıradan çıxartmaq, zahiri xəbərlərə inansaq qərb bu hədəfinə qismən də olsa nail oldu.


5 - Razılaşmanın əsas şərtlərindən biri İranın bütün şübhə doğuran obyektlərinə xəbərdarlıq olunmadan təftişlərin aparılması icazəsi idi. Bu isə qərbin açıq şəkildə casusluq fəaliyyətinə zəmin yaradırdı. Ayətullah Xameneinin müdaxiləsi ilə İran tərəfi bu şərtə əməl etmədi. Təftişlərin yalnız NPT çərçivəsində mümkün olduğunu bildirdi.


6 - Qərb əsas hədəf olaraq İranın hərbi sənayesini zəiflətmək, gündəmə gətirmək istəyirdi. İran isə yuxarıda da qeyd etdiyimiz kimi, nüvə problemini məharətlə digər problemlərin önünə keçirmişdi. Razılaşmanın təsdiqindən heç bir ay keçməmiş ABŞ İranın raket proqramını gündəmə gətirdi və təftiş edilməsinin zəruriliyini qeyd etdi. İran isə öz növbəsində qətiyyət nümayiş etdirərək, özünü müdafiə xarakterli hərbi sənayesinin inkişafından geri addım atmayacağını bəyan etdi.

 

Eastnews.org araşdırma bürosu




Mənbə: Eastnews.org Oxunub: 776 dəfə; Tarix: 2016-12-05 08:54:52
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında