Suriya Osmanlı İmperiyasından necə alındı? - Araşdırma


2011-ci ilin mart ayında Suriyada baş verən xaos artıq 5-ci ilini bir neçə ay olar ki tamamlayıb.

 

“Suriya İnsan Hüquqları Mərkəzi” 4 il ərzində 370 mindən çox insanın qarşıdurmalar zamanı həlak olduğunu, ölkə daxilində 5 milyon insanın, ölkə xaricində isə 3 milyon insanın məcburi köçkün olaraq yaşadığını qeyd edir.

Foto_1: Suriyadakı daxili qarşıdurmalarda həlak olan uşaqlar


Məsələnin siyasi tərəfi ilə bağlı mətbuatda dəfələrlə məlumat yayımlandığı üçün mən bu dəfə Suriyanın Osmanlı İmperiyasından necə alınması barədə qısaca məlumat verməyə çalışacağam.

 
1-ci dünya müharibəsi zamanı Osmanlı İmperiyasının mübarizə apardığı cəbhələrdən biri də Sinay-Fələstin cəbhəsi idi. Osmanlı İmperiyası 1915-16-cı illərdə Süveyş Kanalını və Misirin idarəsini ələ keçirmək məqsədi ilə iki hərbi hərəkat başlatmış, lakin müvəffəq ola bilməmişdi. Bu müvəffəqiyyətsizliklərin ardından General Allenbinin əmrindəki İngilis hərbi qüvvələri Sinay və Fələstin cəbhəsi istiqamətində hərbi hərəkat başlatmışdı. Osmanlı orduları Qəzza müharibələrində İngilis qüvvələrinə iki dəfə güclü müqavimət göstərməsinə baxmayaraq, 1917-ci ilin oktyabr ayından etibarən əvvəl Qəzza sonra Yafa və son olaraq da Qüds şəhəri İngilislərin əlinə keçdi. Fələstini işğal edən ingilislərin yeni hədəfi isə Suriya torpaqları oldu.


 
Osmanlı qüvvələrinin cəbhədəki müvəffəqiyyətsizliyinin ardından 25 Fevral 1918-ci il tarixində “İldırım Orduları Qrupu” adlandırılan nizami ordunun komandanı Falkenheyn vəzifəsindən azad olundu. Onu da qeyd edim ki, 1-ci dünya müharibəsi zamanı Osmanlı İmperiyası Almaniya ilə müttəfiq olduğu üçün, Osmanlı İmperiyasının tabeçiliyində olan nizami ordulara alman generallar və ya komandanlar başçılıq edirdi. Belə komandanlardan biri də Erik von Falkenheyn idi. O vəzifəsindən azad olunduqdan sonra, onun yerinə Marşal Liman von Sanders təyin edildi. Bu tarixlərdə Osmanlı ordusu Fələstində cənubdan şimala doğru cəbhədə öz yerini almışdı. Bu cəbhə həm də cənubdan şimala doğru başda Şam (Dəməşq) olmaqla Suriya torpaqlarını qoruyurdu. İngilis qüvvələri isə 1918-ci ilin martından etibarən Osmanlı cəbhəsini yararaq Ommanı da işğal etmək istəyirdilər. Ancaq 40 min əsgərdən ibarət Osmanlı ordusu, 160 min əsgərdən ibarət ingilis qüvvələrini məğlub etməyi bacardı və nəticədə 1918-ci ildə aprel ayında ingilislər Fələstin cəbhəsindəki fəaliyyətlərini bir müddətlik dayandırmaq məcburiyyətində qaldı.

Foto_2: General Falkenhein
 
1918-ci ilin avqust ayında “İldırım Orduları”na daha bir təyinat oldu.Belə ki, Mustafa Kamal (Atatürk) ikinci dəfə Fələstində olan 7-ci Ordu komandirliyinə təyinat aldı. 7-ci Ordu hərbi cəhətdən Osmanlı xəttinin mərkəzində yerləşirdi. İsmət və Ali Fuad paşaların komandasında da iki hərbi briqada var idi. Bundan əlavə sağ tərəfdə Rüfət paşanın ordusunda sahilə qədər olan mövqeləri tutan 22-ci briqada ilə birlikdə 8-ci ordu adlanan nizami hərbi hissə var idi. Solda isə 4-cü ordu mövqeləri qoruyurdu. Bu ordunun vəzifəsi isə Hicaz dəmiryolunun təhlükəsizliyini təmin etmək idi.

Foto_3: Osmanlı cəbhəsində döyüşən əsgərlər
 
İngilis ordusuna qarşı cəbhədə vəziyyət belə olduğu halda, bir vaxtlar Osmanlı İmperiyasının Məkkədəki əmiri olmuş Şərif Hüseyn İmperiyaya qarşı üsyan etmiş və ingilislərlə birlikdə hərəkət etməyə başlamışdı. Şərif Hüseynin oğlu Əmir Faysal özünə bağlı Ərəblər ilə “Lawrance” adlandırılan ingilis generalın komandanlığı altında hicaz dəmiryollarını məhv edir, teleqraf və telefon xəttlərini kəsir, körpüləri dağıdırdı. Osmanlı ordusunu çətin vəziyyətdə qoyan bu hadisələr eyni zamanda əsgərlərin mənəviyyatını çökdürürdü.

Foto_4: Şərif Hüseyn
 
Osmanlı cəbhəsində bunlar baş verən bir zamanda, general Allenbi yaz ayları ərzində böyük bir hücum üçün hazırlıq işləri həyata keçirirdi. 30 min nəfər olaraq düşündüyü Osmanlı qüvvələrini məğlub etmək məqsədi ilə 200 min nəfərlik hərbi qüvvə hazırlamışdı. General Allenbinin sentyabr ayının 19-u böyük bir hücum reallaşdıracağını əvvəlcədən düşünən və bu mövzuda kəşfiyyat əldə edən Mustafa Kamal bunu Liman Von Sandersə çatdırmışdı. Ancaq Alman General eyni fikirdə deyildi. Buna baxmayaraq Mustafa Kamal hər hansı bir hücuma qarşı öz birliklərini hazır hala gətirdi. Aldığı kəşfiyyat məlumatları sonda öz təsdiqini tapdı.

Foto_5: General Allenbi
 
Sentyabrın 19-cu gününün səhəri ingilislər hücuma keçdilər. Bu böyük hücum qarşısında 8-ci Ordu qısa müddət ərzində tamamilə dağıldı. Mustafa Kamalın əmrindəki 7-ci Ordu isə böyük itkilər verdi və geri çəkildi. “Nablus müharibələri” adı ilə tarixə keçən bu məğlubiyyətin ardından 1 oktyabr 1918-ci il tarixində İngiltərə qüvvələri Şama (Dəməşq) daxil oldu.


Osmanlı ordusu dağılmış və əsgərlərin mənəviyyatı tamamilə çökmüşdü. Yalnız əsgərlər deyil, yüksək rütbəli zabitlər arasında da qaçanlar var idi. Şamın da düşmən işğalı altına girməsinin ardından Mustafa Kamal əldə qalan əsgərlərlə birlikdə Hələbə çəkilmənin və orada bir müdafiə xəttinin qurulmasının ən doğru strategiya olduğunu düşünürdü. Ancaq bu bütün Suriya torpaqlarının tərk edilməsi demək idi. Liman Von Sanders isə mövcud səngərlərdə, yəni, Şam-Raya  xəttində mübarizənin davam etməsi barədə bir əmr göndərməsinə cavab olaraq Mustafa Kamal gələn bu əmrin altına "Gördüm. Mənim əmrimə qarşı başqa cür hərəkət etmək mümkün deyil” cavabını yazmışdı. Və təbii ki, hər iki komandan arasında baş verən ixtilaf orduya daha çox mənfi təsir göstərirdi. 

Foto_6: Liman Von Sanders
 
3 oktyabr 1918-ci il tarixində Mustafa Kamal ilə Liman Von Sanders görüşdülər və fikir mübadiləsi aparmağa başladılar. Mustafa Kamal: "Əldə qalan 7-ci Ordu darmadağın olub. Bunlar, Hələbdə Suriyanın şimalında toplanmalı, bundan sonra yeni bir qərar alınmalıdır" dediyi zaman alman general isə Mustafa Kamala bu planın məqbul olduğunu ifadə etməklə bərabər tarixə keçən bu sözləri söylədi: "Ancaq, bu əmri mən verə bilmərəm. Mən yalnız bir qonağam. Osmanlı İmperiyasının ən böyük qalalarından biri olan Suriyanın məsuliyyətini öz üzərimə götürə bilmərəm. Bu qərarı vermək, siz Türklərə aid olan məsələdir". 

Mustafa Kamal bu cavaba qarşılıq "Məsuliyyəti mən üzərimə götürürəm. Belə isə qərar tətbiq edilsin!" dedi və Diyarbəkirdə olan Qərargah Başçısı Kazım Paşanın da razı edilməsi ilə ordu sürətli bir şəkildə Hələbin cənubuna çəkildi.

Foto_7: Əmir Faysal 


Bundan əlavə Aralıq dənizi sahilindəki Suriya şəhərləri bir-bir ingilislər tərəfindən işğal olunurdu. Əmir Faysal İngilislərlə birlikdə 20 min nəfərlik bir ordu ilə Şamdan Hələb istiqamətinə doğru hərəkətə başlamışdı. Mustafa Kamal isə Hələbin müdafiəsi üçün hazırlıqlarını davam etdirirdi. Oktyabrın 25-i Hələbin cənubunda düşmənlə müharibələr davam etdi. Ancaq şəhər qısa müddət ərzində ingilislərin və ərəb üsyançıların əlinə keçdi. Mustafa Kamal ordusunu Hələbin şimalına çəkmək məcburiyyətində qaldı. Beləcə 400 il ərzində Osmanlı idarəsində olan Suriya torpaqları itirilmiş oldu.


Eastnews.org üçün hazırladı: İlkin Məmmədli




Mənbə: Eastnews.org Oxunub: 701 dəfə; Tarix: 2016-11-02 01:30:02
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında