Keçmişdən bu günə Türkiyə və İsrail əlaqələri


Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə 14 may 1948-ci ildə qurulan İsraili tanıyan ilk dövlətlərdəndir (28 mart 1949).


İki ölkə arasındakı diplomatik əlaqələr Seyfullah Esinin 7 yanvar 1950-ci ildə İsrailə konsul təyin olunması ilə başladı. 


1950-ci ildə konsulluq səviyyəsində başladılan diplomatik əlaqələr Süveyş kanalı müharibəsindən sonra 26 noyabr 1956-cı ildə müvəqqəti işlər vəkilliyi səviyyəsinə düşdü.


1963-cü ildə yenidən konsulluq, 1980-cı ildə isə səfirlik fəaliyyəti İsraildə bərpa edildi. 1980-cı ildə İsrailin şərqi Qüdsü də işğal edərək, Qüds şəhərini əbədi paytaxt elan etməsi səfirin geri çağrılmasına səbəb oldu.


1989-cu ildə Türkiyə tamhüquqlu olaraq Avropa İttifaqına üzv olmaq üçün müraciət etsə də müsbət cavab ala bilmədi. Bundan sonra Türkiyə Qərb ilə arasını yaxşı saxlamaq üçün yenidən İsrail ilə münasibətləri qaydasına saldı. 


O dövrdə Türkiyə və İsrail arasında hərbi əməkdaşlığın əldə edilməsi İran, İraq və Suriya ilə sərhəddə təhlükəsizliyi artırmaq kimi şərh edilirdi. Sonrakı proseslər göstərdi ki, əldə edilən hərbi razılaşma Türkiyənin daxili və xarici bürokratiyada ordunun gücünü daha da artırdı. 


1990-cı ildə Suriya və İran ilə əlaqələrin düzəldilməsinə cəhd edilməsi başda ordu olmaqla bir çox nüfuzlu dairələrin etirazına səbəb oldu.


Beynəlxalq aləmdə baş verən siyasi hadisələr artıq ordunun gücünün yox siyasətin ön sıraya çıxması ilə nəticələndi. 


1990-cı ildə İsrail Fələstin münasibətlərinin düzəldilməsi üçün Madrid konfransında Türkiyənin də iştirak etməsi münasibətlərin bir müddət də yaxşı getməsinə şərait yaradırdı.


1993-cü ildə Türkiyə İsrail ilə diplomatik münasibətləri yenidən səfir səviyyəsinə qaldırdı. 1996-cı ildə imzalanan hərbi əməkdaşlıq sazişi PKK ilə mübarizədə kəşfiyyat və lojistik dəstək imkanlarını daha da artırdı.


2000-ci ildə Ədalət və İnkişaf Partiyasının iqtidara gəlməsi ilə "qonşularla sıfır problem" siyasətinin tətbiq olunması həm xarici siyasət, həm də İsrail ilə yaxınlaşmaya ciddi təsir göstərdi.


2002-ci ildə Türk Silahlı Qüvvələrinə məxsus 12 M-60 tanklarının moderinasiya edilməsini İsrailə məxsus şirkətlərdən biri öz üzərinə götürdü. 2004-cü ildə İsrailə su satılması müqaviləsi imzalandı. 


2005-ci ildə baş nazir Rəcəb Tayyib Ərdoğanın İsrailə səfəri həm İsrail və Fələstin, həm də ikitərəfli əlaqələrin düzəlmisinə töhvə verdi. 2007-ci ildə İsrail prezidenti Şimon Peres və Fələstin prezidenti Mahmud Abbas 1 gün ara ilə Türkiyə Böyük Millət Məclisində çıxış etdi.


2008-ci ilin 22 dekabr tarixində İsrailin baş naziri Ehud Barak Türkiyəyə gələrək həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşdü. 


Bu görüşdə İsrail və Suriya arasındakı danışıqlarda irəliləyişlər əldə olundu.


29 yanvar 2009-cu ildə baş verən hadisə Türkiyə və İsrail münasibətlərinin pisləşməsində çox böyük rol oynadı. Davosdakı Dünya İqtisadi Forumunda "Qəzza, Yaxın Şərq və Sülh" adlı konfransda İsrail prezidenti Şimon Peres Qəzza zolağına hücum etmələrinin haqlı olduğunu iddia etdi. Ərdoğan isə ingilis dilində "one minute" deyərək Peresə "siz uşaqları öldürməyi çox gözəl bacarırsınız", deyə etiraz etdi və konfransı tərk etdi.


14 fevral 2009-cu il tarixində Türkiyənin Fələstin məsələsindəki mövqeyini tənqid edərək, "Ərdoğan aynaya baxsın. Erməniləri qətlə yetirdilər, indi eyni şeyi kürdlərə edirlər. Kipri işğal etdilər", deyə danışan İsrail Quru Qüvvələri komandanı Avi Mirzahinin sözləri etirazla qarşılandı. Türkiyə bu məsələdə də sakit dayanmadı və İsrailə nota verdi.


Türkiyənin Baş Qərargah İdarəsi də sərt açıqlama verərək İsrailə etiraz etdi.


2009-cu ilin oktyabr ayında Türkiyənin dövlət telekanalı olan "TRT"də yayımlanan "Ayrılıq" adlı teleserialda İsrailin fələstinlilərə qarşı cinayət törətdiyi, qadınlara, qocalara və uşaqlara zülm etdiyi nümayiş etdirildi. Dövrün İsrail xarici işlər naziri Aviqdor Liberman teleseriala etiraz edərək Türkiyənin səfrini media qarşısında danladı.


11 oktyabr 2009-cu ildə Türkiyə, İtaliya, İsrail və ABŞ ortaq hərbi hava təlimi keçirməyi planlaşdırsa da sonradan bu ləğv olundu. Türkiyə İsrail pilotlarının ölkə ərazisinə daxil olmasına icazə vermədi.


11 yanvar 2010-cu ildə İsrail xarici işlər nazirinin müavini Dani Ayalon Türkiyədə yayımlanan "Qurdlar Vadisi" teleserialında MOSSAD agentlərinin azyaşlı uşaqları qaçırmasına daha sonra öldürülməsinə etiraz olaraq səfir ilə XİN binasında görüş təyin etdi. Media qarşısında baş tutan görüş zamanı Türkiyənin səfirinin alçaq stulda oturması siyasi böhrana səbəb oldu. 


31 may 2010-cu il tarixində bütün dünyanı şoka salan hadisə baş verdi. İHH Humanitar Yardım Təşkilatı və Azad Qəzza Hərəkatının Qəzza zolağına humanitar yardım aparmaq məqsədi ilə 6 gəmilik konvoyla yola düşməsi İsrail əngəli ilə rastlaşdı. Beynəlxalq sularda "Mavi Marmara" gəmisinə edilən basqın zamanı 9 türk öldürüldü. Hadisədən sonra Türkiyə İsraili "terrorçu dövlət elan etdi".


Türkiyədə deputatdan tutmuş bələdiyyə sədrinə, müxalifətçidən tutmuş prezidentə qədər hər kəs çıxışlarında İsraili lənətlədi. Hadisəni BMT də qınadı. Səfir Oğuz Çelikkol geri çağrıldı.
İstanbulda İsrailin müdafiə nazirinə və ordu generallarına cinayət işi açıldı. İHH Humanitar Yardım Təşkilatı Laheydəki beynəlxalq cinayət məhkəməsinə müraciət edərək İsrailin cəzalandırılmasını tələb etdi. İsrailin Ankaradakı səfiri Qabi Levi də ölkəni tərk edərək Təl-Əvivə qayıtmaq məcburiyyətində qaldı. 


Türkiyə hökuməti bu böyük siyasi böhranın həll olunması üçün İsraildən üzr, təzminat və Qəzza embarqosunun qaldırılmasını tələb etdi.


Baş verən hadisənin ictimaiyyətdəki təsiri iki ölkənin uzun müddət qarşılıqlı olaraq addım atmamasına səbəb oldu.


2012-ci ildə İsrailin yenidən Qəzza zolağına hücum etməsi Türkiyə tərəfindən böyük etiraza səbəb oldu. Hücumdan 10 gün sonra iki ölkə rəsmiləri gizli olaraq İsveçrədə görüşdü. 


22 mart 2013-cü ildə ABŞ Prezidenti Barak Obama Ərdoğanla telefon əlaqəsi yaratdı və dəstəyi daha sonra ABŞ-da səfərdə olan İsrail Baş Naziri Binyamin Netanyahuya verdi. Netanyahu Ərdoğandan üzr istədi. Bununla da 3 şərtdən biri yerinə yetirilmiş oldu. 


Bu ilin 26 iyun tarixində iki ölkə arasında münasibətlər düzəlməyə başladı. 1 gün sonra, yəni 27 iyun tarixində İsrailin Baş Naziri Binyamin Netanyahu və Türkiyənin Baş Naziri Binəli Yıldırım münasibətlərin düzəlməsinin təfərrüatlarını açıqladı.


Beləliklə, Türkiyənin tələbləri yerinə yetirilmiş oldu.
 




Mənbə: Tasnim Oxunub: 578 dəfə; Tarix: 2016-07-13 18:22:33
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında