"Qüds" İB-nin sədri Türkiyə-İsrail münasibətlərindən Eastnews.org-a danışdı - Müsahibə


Müsahibimiz Türkiyənin Fələstinə dəstək olan dərnəklərindən biri, tanınmış "Kudüs-Der" dərnəyinin sədri Adəm Yerlikayadır. A.Yerlikaya 1972-cə ildə Sivasda dünyaya göz açıb. 1990-cı ildən İstanbulda yaşayır. Tələbəlik illərindən özünü Fələstin mübarizəsinə həsr edib. Onun fikrincə, müsəlman dünyasının son illərini 2 hissəyə ayırmaq olar. “Niyə? Çünki bizə İslamın dövlət ola bilməsini unutduruldu”, -deyə düşünür. Niyə belə düşündüyünü soruşduqda... Cavabını müsahibədəki açıqlamalarından tapa bilərsiniz.

 

Adəm bəy, niyə belə düşündüyünüzü açıqlaya bilərsinizmi?

- Əlbəttə, bizə İslamın dövlət ola bilməsini unutdurmaq istənildi. İslam İnqilabı olanda bu inqilabla yanaşı müsəlmanlar da bir daha anladılar ki, İslam dövləti ola, qurula bilərmiş. O zaman biz bizə din olaraq göstərilən şeyləri bir kənara qoyduq və dini öz mənbələrindən araşdırmağa başladıq. Bu, mənim tələbəlik illərimdə yaşandı. O vaxtdan İslami mübarizənin içindəyəm. “Kudüs-Der”dən əvvəl 2005-ci ildə "İsra Kültür Mərkəzi" olaraq fəaliyyət göstərirdik. Son 3 ildir ki, "Kudüs-Der" olaraq fəaliyyət göstəririk.

 

- Kudüs-Der hansı istəklə quruldu?

- Əsas mövzusu Fələstin məsələsidir, amma bununla yanaşı bütün dünya müsəlmanları ilə həmrəylik və zülmə məruz qalan İslam bölgələrini müdafiə etmək, insan haqları müstəvisində məzlumun yanında olmaq məqsədilə quruldu. Müsəlmanlar üçün Qüds, Fələstin adi torpaqlar deyil.

 

“Böyük Fəlakət” yalnız Fələstin xalqının faciəsidirmi?

- 14 May Nəqbə günü hadisəsini Fələstin xalqı “Böyük Fəlakət” olaraq adlandırır. Bu günün anlamı nədir?

- “Nəqbə Günü”, yəni İsrail rejiminin qurulduğu günü fələstinlilər üçün çox kədərli bir gün, faciəli bir gün anlamındadır. Həm o günə etiraz etmək, həm də İsrailin 15 may Fələstini işğal gününü və öz evlərinə geri qayıtmağı unutmamaq üçün fələstinlilər bu günü yaşadırlar. Yəni  “biz evlərimizin açarlarını özümüzlə gəzdiririk, evimizi kilidləyib çıxdıq və açarını da həmişə özümüzlə yanımızda gəzdiririk. Bir gün mütləq evlərimizə qayıdacağıq” deyirlər.

 

- Hazırda Fələstində 2015-ci ildən başlayan 3-cü İntifada (Milli Müqavimət Hərəkatı, - MF) davam etməkdədir. Hazırki durumu necə qiymətləndirirsiniz?

- Hər üç intifadanın yaranma səbəbləri müxtəlifdir. Ancaq üçüncüdən fərqli olaraq əvvəlkilərin başlanğıcını Fələstin müqavimət qrupları başladırdı. Məsələn, 2-ci İntifadanın rəhbərliyini "İslami-Cihad" üzərinə götürmüşdü. Amma 3-cü İntifada hər hansı qrupun başlatdığı hərəkat deyil, bir xalq hərəkatı olaraq başlayıb. Qüds və Qəzzada müsəlmanların məruz qaldığı təzyiqlər, zülm və qətliamlara etiraz olaraq başlayıb. Açıqlanan son ümumi vəziyyət belədir ki, bu İntifadada aksiyaları hazırlayanlar hər hansı bir müqavimət qrupuna bağlı deyillər. Belə demələrinin də bir neçə  səbəbi var. Biri budur ki, Fələstin daxilində mövcud olan qrupların heç də hamısı xalqa bağlı deyil. Məsələn, "Fəth" hərəkatı, onlar sionistlərlə həmkarlıq edən hərəkatdır. Onlar İsrail rejimini dövlət olaraq tanıyırlar, iki dövlət prinsipini qəbul edirlər və Fələstinin bütün ərazilərinin azad edilməsini qarşılarına məqsəd olaraq qoymayıblar. Halbuki, hazırda Fələstin torpaqları işğal edilib və biz bu işğalı qəbul etmirik.

Başqa bir səbəb isə budur ki, digər bəzi müsəlman ölkələrinin də sionist rejimlə bəlli əlaqələri var. Məsələn, Türkiyə 2014-cü il Qəzza müharibəsində əsas rol oynadı. Bu müharibədə Fələstin xalqının üzərinə bombalar yağdırıldı, xalqın başına hər cür oyunlar açıldı, lakin Fələstin xalqı atəşkəs tələb etmədi, amma İsrail istədi. Bunun üçün də bir vasitəçi vardı, o da Türkiyə idi. Türkiyə bu işi üzərinə götürdü və burada Ə.Davudoğlu vasitəçilik etdi. Bu bir tərəfdən bombardmanı dayandırmaq kimi görünsə də, əslində İsrailin öz şərtlərini diktə etmə vasitəçiliyi idi.

 

- Bu işdə Səud rejiminin “barmağı” var idimi?

2-ci İntifada ilə bağlı Qüds mühafizəkarı kimi tanınan, işğal altındakı Qüdsdəki İslam Hərəkatının lideri Şeyx Raid Salaha Səudun bir təklifi olub. Adi şəraitdə R.Salahın Səud rejimi ilə münasibətləri yaxşı idi, amma buna rəğmən o, bu “təklif”in mahiyyətini açıqladı. Təklif belə idi: “Əgər siz İntifadanı dayandırsanız, sizin Qüds və Məcdül-Əqsadakı fəaliyyətinizə imkan yaradacağıq. Çox rahat hərəkət etmənizi, asan şəkildə fəaliyyət göstərməyinizi təmin edəcəyik”.

 

- Sizcə, Səud rejimi ilə sionist İsrail rejimi arasında münasibətlər əslində hansı münasibətlərdir?

- Bu ilə qədər İsraillə Səud rejimi arasındakı əlaqələr gizli saxlanılırdı, lakin bu il hər şeyi açıb tökdülər. Daha açıq açıqlamalar verilməyə başlandı və s. Hətta Səud rejimi daha da irəli gedərək bildirdi ki, əgər 3-cü İntidaya başlayarsınızsa, biz də İsrailə açıq şəkildə dəstək verəcəyik. Dolayısı ilə 3-cü İntifadanın xalq hərəkatı olması İsrailin işinə yaramır. Çünki İntifada müqavimət qrupları tərəfindən həyata keçiriləndə bəziləri tərəfindən müqavimətin qarşısının alınmasına zəminlər yaranır, amma bu xalq hərəkatı olduqda İsrail bununla bacara bilmir. Belə olduqda bəlli bir hədəf olmadığından ona qarşı təzyiq də edə bilmirlər. Bu səbəbdən də indi bütün fələstinlilər sionist rejimin üçün potensial müqavimətçidir. Buna görə də son İntifada xalq hərəkatı olaraq davam etdirilir. Keçən günlərdə Beynəlxalq Fələstinə Qayıdış Platformasının İstanbulda toplantısı oldu, orada bu İntifadada iştirak edən gənclərdən də vardı. Onlardan birinin bu məsələ ilə bağlı belə bir açıqlaması oldu: “Biz heç bir təşkilata bağlı deyilik, biz xalq hərəkatıyıq. Heç kim bu İntifadanı dayandıra bilməz”. Eyni vaxtda "İslami Cihad"  Hərəkatının Siyasi Büro üzvü Əbu İmad da orada idi və o da eyni mövzuda izahlar verdi. Dedi ki, 3-cü İntifada davam edir, müqavimət bu İntifadanın arxasındadır. Yəni istər "İslami Cihad", istər HƏMAS, istərsə də digər müqavimət qrupları hamısı bu gənclərin arxasındadır.

 

- Son vaxtlarda Türkiyə Fələstin məsələsində lazımlı dəstəyi verirmi? Hökumət və QHT-lər müstəvisində istər ölkə daxilində, istərsə də xaricində bu dəstək təmin olunurmu?

- Bu mövzuda da Əbu İmad bəzi fikirlərini paylaşdı. Fələstin məsələsini 2 mərhələyə ayıraraq dəyərləndirmək lazımdır. Sözdə “Ərəb baharı”ndan öncə və sonrakı Fələstin. “Ərəb baharı”ndan əvvəl bütün müsəlman xalqların ortaq mövqeyə sahib olduqları nadir mövzulardan biri də Fələstin idi. Liviya, İraq, Əfqanıstan işğal edilib, Misirdə, Suriyada, Yəməndə də bənzər hadisələr davam etməkdədir. Bunlara Səud rejimi tərəfdən yanaşsaq, görərik ki, əslində Fələstin işğal altında olduğu kimi Kəbə də işğal altındadıdır, Rəsulullahın (s) xəyalı işğal edildi. “Ərəb baharı” deyilən hadisədən əvvəl bütün müsəlman xalqların Fələstinə dəstəyi vardı, bu dəstək ancaq pul, maddi və  digər bu kimi mənada deyildi. Qəlblərin yaxınlığı vardı, dualar əskik edilmirdi, Fələstin məsələsinin davamlı dünya ictimaiyyətinə çatdırılması məsələsi vardı. Ancaq xüsusən qondarma “Ərəb baharı” müsəlmanları yadlaşdırma, bir-birinə düşmən etmək vəziyyətinə saldı. İkincisi, hər bölgənin özündə özünə xas münaqişələr yaratmaqda onların öz narahatlıqlarını yaradırdı və bununla da onlar üçün Fələstin məsələsi arxa plana keçirilmiş oldu. Bu, əsasən dövlətlər səviyyəsində belə oldu. Məsələn, 2009-cu ildə 22 gün davam edən Qəzza müharibəsində Türkiyədə bütün xalqın buna etirazı vardı. 16 gün ərzində xalq İstanbuldakı İsrail rejimi nümayəndəliyi qarşısında aksiyaları keçirir, etirazlar edir, nümayəndəlik xalq tərəfindən mühasirəyə alınmışdı. Digər müsəlman ölkələrində də eyni vəziyyətlər var. “One minute” da məhz həmin dövrdə yaşandı, amma hökumət verdiyi sözlərinin arxasında durmadı, bu vədlər boşa getdi.

 

O zaman bunlar hamısı blef idi?

- 22 Günlük Qəzza müharibəsi 2009-cu illərin sonunda yaşandı. Həmin dövrdə Türkiyədə xalqın İsrailə qarşı nifrəti vardı. Həmin dövrdə prezident Ərdoğanın “siz qətliam törətməyi yaxşı bilirsiniz” kimi bəyanatları istər müsəlman xalqlar,  istərsə də işğala qarşı olan qeyri-müsəlmanlar tərəfindən çox gözəl qarşılanmışdı. İsrail əleyhinə açıqlamaların çox yüksək səviyyələrdən səslənməsi o dönəmdə Türkiyəyə gələn müxtəlif fələstinli nümayəndələr, qonaqlar arasında da çox sevinclə qarşılanmışdı. Amma bütün bunlar söz olaraq orada qaldı. O zamankı baş nazir, hazırkı prezident Ərdoğan bir yerdə deyir ki, mən Davosda xalqımın tələblərini səsləndirdim, o zaman xalq elə istəyirdi. Yəni bir tərəfdən mən İsrail rejiminin zülmünə, qətliamına etiraz edən xalqımın səsini çatdırdım deyirsən, digər tərəfdən də bir az zaman keçdikdən sonra “Mən millətimin qazını aldım” deyirsən. Bu ziddiyyət deyilmi?

Türkiyə-İsrail münasibətlərində ən böhranlı dövr Mavi Mərmərə mərhələsi idi. Bu hadisədə 10 şəhid verdik və budan sonra əlaqələr tam kəsildiyini düşündüyümüz bir halda  baxırıq ki, əslində həmin dövrdə iki tərəf arasında ticarətin həcmi 40% artıb. Bu nə deməkdir?! Türkiyə bu hadisədən sonra belə İsraillə əlaqələri kəsmək yerinə daha da genişləndirib. Həmin vaxt jurnalistlərdən biri spiker B.Arıncdan soruşmuşdu ki, Türkiyə və İsrail arasında xeyli sayda sazişlər var, bu hadisədən sonra onların taleyi necə olacaq? Onun cavabı isə eynən belə olub: “Yaxın vaxtda birgə hərbi təlimimiz vardı,  təxirə salındı, digər anlaşmalar olduğu kimi qalır”. Yəni tərəflər arasındakı silahlara dair sazişlər, pilotsuz təyyarələrə dair, tankların müasirləşdirilməsi kimi xalqa məlum olan və olmayan bir çox sazişlər yerində qalır, dəyişən bir şey olmadı. İsrail Türkiyəyə terrorla mübarizə adı ilə kəşfiyyat məlumatları toplayan heronlar verir. Bizim silahlı qüvvələrimiz həmin heronlarla əldə etdiyi görüntülər az sonra eynilə PKK-nın əlində olur. Türkiyə İsraillə imzaladığı heç bır sazişdən qazanan tərəf olaraq çıxmadı. Bu mənada AKP-nin “qazan-qazan”siyasətinin nə məna daşıdığı bəllidir. Artıq Mavi Mərmərə hadisəsinin də unutdurulması cəhdlərinə  başlanılıb.

 

- Bildiyimiz qədər, hadisədən 6 il keçməsinə baxmayaraq, Mavi Mərmərə yenidən Qəzzaya yola düşmədi. Axı belə bir niyyət vardı, səbəb nədir?

- Bu hadisə 2010-cü ildə baş verdi. Bundan 1 il sonra “Ərəb baharı” deyilən mərhələ yaşandı. Bundan sonra gəminin yenə  Qəzzaya gedəcəyi bəyan edildi, amma buna rəğmən Mavi Mərmərə yola salınmadı. Məsələ ilə bağlı İHH sədri Bülənt Yıldırımın açıqlaması eynən belə oldu: “İsrailin hücumundan sonra gəmi zərər çəkib. Texniki məsələlər və təmir işləri başa çatmayıb, buna görə də yola düşə bilmirik”. Ancaq gəminin içində işləyən insanlardan biri mənə bildirdi ki, Mavi Mərmərənin texniki və digər cəhətlərdən heç bir nasazladığı qalmayıb, bütün narahatlıqlar aradan qaldırılıb. Əlində isə bunun səbəblərindən ən əsası da hazırkı iqtidar üçün Suriyanın Qəzzadan daha əhəmiyyətli olmasıdır. Əgər Mavi Mərmərə yola çıxsa, xalqın bütün gündəmi Mavi Mərmərə, Qəzza olacaqdı, Suriya gündəmdən düşəcəkdi. Bunu istəmədilər və buna görə də Mavi Mərmərəni yola salmadılar.

 

- Mavi Mərmərə olayına görə cəzalandırılanlar oldumu?

İndiyə qədər heç kim cəzalandırılmayıb. Yalnız telefonla üzr istənildiyi deyildi. Mən belə bir üzrün olduğuna da inanmıram. Ona görə ki, özlərini hər kəsdən üstün hesab edənlər, digərlərini özlərinin marionetləri bilən sionistlər üçün üzr istəmək alçaqlıq hesab olunur və buna görə də qətiyyən üzr istəməzlər.

 

- O zaman hazırkı vəziyyətdə Türkiyənin Fələstin mövqeyini qəbul etmirsiniz, doğrudurmu? Türkiyə xalqı belə bir mövqeyi qəbul edirmi?

Doğrudur. Xalq qətiyyən Fələstin məsələsindən imtina etməyib. Hansı hökumət gəlirsə gəlsin, hansı partiya iqtidara gəlirsə gəlsin, imtina etməyəcək də. Türkiyə xalqı heç bir zaman Fələstini unutmayacaq, unutdurmayacaq.       

 

"Fəth"in Qəzza qərargahından MOSSAD sənədləri çıxdı

- Fələstində hazırda ikili hökumət davam edir. Bir tərəfdən HAMAS-ın idarə etdiyi hökumət var, digər tərəfdə isə Fələstin müqavimət qruplarının tanımadığı prezident M.Abbas və rəhbərlik etdiyi hökumət var.

- Dünyada prezidentlərin qəbul olunmuş səlahiyyət müddətləri var. Məsələn, Türkiyədə prezident 7 ildən bir seçilir. Fələstində prezident M.Abbas, baş nazir isə İ.Haniyə idi. Ancaq HƏMAS Qəzzanın idarəetməsini ələ aldıqdan sonra HƏMAS-ın məhv edilməsi, prosesdən kənarlaşdırılması  üçün səylər başladıldı, bundan sonra siyasi böhran başladı. M.Abbasın bəlli bir vəzifə müddəti vardı, o da bitdi, daha çox zaman da keçdi. Çoxdan yeni prezident seçilməli idi. Ancaq indi Fələstin üçün elə bir taktika tətbiq edilir ki, zahirən bir seçim istənilir, amma vəziyyətin belə qalması işlərinə yaradığı üçün bu mərhələni uzadırlar. Əslində yenə prezident seçkilərinin keçirilməsi istənilmir. Fələstinə HƏMAS, "İslami-Cihad" və digərlərinin vurmadığı zərərləri "Fəth"in əli ilə vururlar. Baş nazir Haniyənin evinə belə raket atdılar. Hadisələr də məhz bunda sonra məcrasından çıxdı, HƏMAS Qəzzanı nəzarətə götürdü, FƏTH-in burdakı qərargahınıbağladı. Həmin qərargahda "Fəth"ə aid xeyli sənədlər, mühüm məlumatlar ələ keçdi, İsraillə razılaşmaları, MOSSAD-la sazişləri, onlara ötürdükləri informasiyalar, sənədlər, bölgədə sionist rejimlə birgə gördükləri işlər, hətta Yasir Ərəfatın zəhərlənməsi ilə bağlı sənədlərə qədər ciddi sənədlər aşkarlandı. HƏMAS-ın televiziyası bir müddət bu sənədlərin bir hissəsi açıqladı. Bu iki qardaşın münaqişəsi deyil, sionist rejimlə müsəlman, qeyri-müsəlman, həmçinin xristian fərq etmədən Fələstin xalqının mübarizəsidir. Sionist rejimlə həmkarlıq etmiş və onunla birgə hərəkət edən hər hansı bir qurum, təşkilat, hər nə isə, onu dost saya bilmərik.

 

- Bölgə ölkələrinin Fələstin mübarizəsindəki mövqelərini necə qiymətləndirirsiniz?

İki cür dəyərləndirmə apara bilərik, dövlətlər və xalqlar səviyyəsində. Bunu dövlətlər səviyyəsində də iki yerə ayıra bilərik: 1. Sionizm tərəfdarı olan cəbhə, 2 .Sionizmə qarşı olan cəbhə.

 

- Onların arasında həm dövlət, həm də xalq olaraq Fələstini müdafiə edənlər varmı?

Var təbii kiMəsələn, İran və Suriya. İran daxilindəki bəzi müxaliflərin "bütün sərvətlərimiz Fələstinə axıdılır” kimi xırda etirazlara baxmayaraq, dövləti ilə, xalqı ilə birbaşa İslam İnqilabından sonra İran istər gizli, istərsə də aşkar, Fələstinə dəstək  olmuşdur. Buna baxmayaq, bu yardımların heç birini açıqlamadılar. Amma Qəzzaya embarqo tətbiq edilməyə başlayanda heç kim oraya bir şey göndərə bilməyəndə İran 250 milyon dollar yardım etdi. Həmin vəsait o zaman məmurların maaşlarının verilməsinə sərf edildi. Eyni anda İran ayrıca yenə 250 milyon dollar Fələstin şəhid ailələrinə yardım etdi. Həmin vaxt İ.Haniyə baş nazir idi, Türkiyə və bir sıra başqa ölkələrə səfərlər etmişdi. Geri qayıdanda üzərində 10 min dollardan artıq pul vardı deyə Rəfah keçid məntəqəsində saxlanılmışdı.              


 

 Bu gün Suriyanın yaşadıqları Fələstinə görədir

- Bu gün Suriyanın başına gətirilənlər Fələstin müqavimət qruplarına verdiyi dəstəyə görədir. Suriya sanki bu dəstəyə görə cəzalandırılır. 2006-cı il "Hizbullah"-İsrail müharibəsinin başlanğıcında İsrail rejimi rəsmiləri belə açıqlamalar verirdi: “Biz "Hizbullah"ın silahlarını məhv edəcəyik, onu zərərsizləşdirəcəyik”. Bu müharibə 33 gün çəkdi, amma nə Hizbullahın silahını yox edə bildilər, nə də onu tərksilah etməyi bacardılar. Bu gün isə "Hizbullah"ın artıq 100 mindən artıq raketi olduğu və Fələstinin sionist işğalı altındakı hər yeri vura biləcək gücü olduğu açıqlanır.n2008-ci il Qəzza müharibəsi zamanı eyni bəyanatı HƏMAS üçün də səsləndirdilər. Bəs HƏMAS-ı məhv edə bildilərmi? Həmin müharibə zamanı HƏMAS-ın əlində ancaq "Qəssam" raketləri vardı. Amma ötən ilki müharibədə İsrail rejiminə qarşı istifadə edilən raketlər arasında "Qəssam"la yanaşı "M75", "Fəcr", "Qrad" kimi raketləri gördük. Embarqonun, blokadanın olduğu, dərmanların belə keçirilməsinə imkan verilmədiyi bir yerə bunlar haradan gəldi? Suriya müharibəsi başlayanda dedilər ki, ölkəni bir neçə yerə parçalayacağıq. Niyə? Çünki Fələstinə gedən silahların qarşısını ala bilmirlər. Bunu HƏMAS da, "İslami Cihad" da, digər müqavimət qrupları da açıqladılar ki, İran bacardığı qədər bizə yardım edir. İrana heç bir şey edə bilməyəcəklərini anladıqda “Ərəb baharı” deyə proses formalaşdırdılar. Amma bu heç bir zaman ərəblərin baharı olmadı. Tunisdə çox qan tökülmədi, amma heç bir zaman xalqın istədiyi olmadı. Misirdə 2 gündə yüzlərlə dinc sakin öldürüldü, yenə də xalqın tələbi yerinə yetirilmədi. 

 

- Misirin bölgədəki mövqeyi çox mühümdür. Amma təəssüf ki, hərbi çevriliş nəticəsində iqtidara gətirilən Sisi müqavimətin qan damarları olan tunelləri bağlatdırır, Rəfah keçidini Fələstinin üzünə bağlayır. Bəs belə bir vəziyyətdə Misirin Fələstin məsələsindəki durumu necə olacaq?

Qəzzanın quru ilə yeganə çıxışı Rəfahdır. Bir yandan embarqo, bir yandan blokada, digər tərəfdən də dənizdən dəçıxışın qarşısı alınıb. Qəzza dünyanın yeganə açıq həbsxanasıdır. Bundan öncəki "firon" Hüsnü Mübarək dövründə də (qondarma “Ərəb baharı”nda devrilən Misir prezidenti, = MF) eyni vəziyyət idi. Hazırda da yeni Misir "firon"u bunu “artıqlaması” ilə həyata keçirir.      

 

Bölgənin digər mühüm ölkəsi, İslamın bir çox müqəddəsatının işğalı altında olduğu Səudiyyə Ərəbistanıdır. Səud rejimi indiyə qədər sionist rejimlə üz-üzə gəlibmi?

- Səud müharibə anlamında sionist rejimlə heç vaxt qarşı-qarşıya gəlməyib. 1948-ci ilə qədər Fələstin torpaqlarında bir sionist rejim quruldu. 1948-ci ildə də İngiltərə eyni yerdə İsrail rejimini quraraq Fələstindən çıxdı. Dolayısı ilə İsrail rejimini quran və Ərəbistan yarımadasını belə formalaşmasını təmin edən İngiltərə olub. Osmanlı dövründə Hicaz torpaqları olan bölgədə Səud xanədanını da quran, bu xanədan üzərində Səud krallığını da quran İngiltərədir. Hamısını təmin edən İngiltərə olduğu üçün Səud rejimi heç bir zaman Fələstinə yardımçı olmayıb. Eyni zamanda bunu İslam aləmində qorxaraq açıq şəkildə etmədilər. Səbəbi də budur ki, bütün müsəlmanların gözü üzərində olan müqəddəs Kəbə və Rəsulallahın (s) evi buradadır.

2007-ci ildə Qəzzaya nəzarət  HƏMAS-ın əlinə keçəndə Misirin Şarm əl-Şeyx kurort mərkəzində iclas təşkil edildi. Bu iclasa M.Abbas (Fələstin), E.Olmert (İsrail), H.Mübarək (Misir) və İordaniya kralı Abdullah qatıldı. O zaman belə toplantının əsas məqsədi kimi HƏMAS-ın məhv edilməsi idi.

 

“Səudun rəhbəri olduğu qondarma “İslam ittifaqı” ABŞ və İsrailin dəstə ilə qurulub”

- Sionist rejimə dəstək üçün Yəmənlə müharibədə Səud rejimi B Planını tətbiq edəcəyini açıqladı. Eyni zamanda Səud rejimi son zamanda terrorçu İsrail rejiminə də açıq-aşkar dəstək verəcəklərini açıqladılar. Nə baş verir?

- Sizcə, Səud niyə belə edir? Niyə bu ilə qədər Səud rejimi İsrail rejiminə verdiyi hər zamanki dəstəyi belə açıq şəkildə etiraf etmirdi? Müsəlmanlar onsuzda bunu çox yaxşı bilir, Səud qətiyyən İslama və məzlumlara faydalı hər hansı bir işlərin içində olmamışdır, hər zaman sionist rejimin qarşısında deyil, yanında yer aldı. Bəs yaxşı, bunu niyə bu il etiraf etdilər? Cavab budur ki, terrorla mübarizə adı altında 34 ölkədən ibarət qondarma bir qurum qurduqdan sonra bunu edə bildilər. Bu nə deməkdir? Yəni bölgə ölkələrinin dəstəyini alır, ondan sonra bu açıqlamanı verirlər. Bu “ittifaq qurulduqdan sonra Ayətullah Nimr də şəhid edildi. Bu qondarma terror ittifaqın Amerika və İsrail rejiminin dəstəyi ilə qurdular. Zatən ilk gündən bu ittifaq İsrailin təhlükəsizliyini təmin etmək üçün qurulan şəbəkədir. Səudun səyləri və etdikləri budur. Bununla eyni zamanda müsəlman ölkələrdəki müqavimət və oyanışın, tağutlara və imperializmə qarşı baş qaldırışların qarşısını almaq üçün ortaya qoyulan bir şeydir. Məsələn, bu “ittifaq” qurulduqdan sonra Hizbullahı terror təşkilatı elan etdilər, sabah da Misirdə “İhvan”ı terror olaraq göstərəcəklər. Qətliamlar törədənlər, zalım olanlar, zülm edənlər özləri məzlum, məzlumlar isə terrorçu olurlar.       

                   

- Belə bir durumda  irəlidə hansı nəticələrlə qarşılaşa bilərik?

- Onların bir hesabı varsa, mütləq Allahın da bir hesabı vardır. Mütləq Allahın öz hesabı vardır. Biz də mübarizə aparacağıq. Zülm edənlər yaşamağı çox sevirlər, amma məzlumlar da Allahı üçün şəhid olmağı sevirlər.

 

- Dediniz Mavi Marmara unutdurulur. Türkiyədə unutdurulan digər mühüm bir tarixi hadisə də 100 il əvvəl İslam Vəhdətinin Kut Qələbəsidir. Kut niyə unutdurulur? 

- Kut Qələbəsi ingilislərin təzyiqi ilə Türkiyədə qadağan edildi. Bir müddət, 50-ci illərin əvvəlinədək bu gün bayram kimi qeyd edilirdi, amma sonradan hətta dərsliklərdən belə bu barədə bütün məlumatlar yığışdırılmışdır. Yəni hazırda xalq belə bir mühüm tariximiz olduğunu bilmir. Bu tarix xalqın yaddaşında unutduruldu və bir dönəmdən sonra xalq arasında bu bayram qeyd edilmədi. Yalnız bu il bu tarix yenə bayram kimi qeyd edildi və xalq bunu görüncə çox sevindi. Bu bayram qadağan ediləndə İsrail rejimini NATO-ya daxil olunmasına veto qoyan Türkiyənin vetosu da ləğv edildi.

 

Mehdi Fərəc

Araşdırmaçı-yazar




Mənbə: Eastnews.org Oxunub: 494 dəfə; Tarix: 2016-06-02 22:58:37
Sosial səhifələrdə paylaş


Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.















Xəbər lenti

Çox oxunanlar

Sorğular

Türkiyənin Suriya ərazisinə hərbi müdaxiləsinin səbəbləri:





Facebookdan bizi izləyin!

Twitterdən bizi izləyin!

Valyuta konvertoru

Valyuta.com


Hava haqqında